“Qarabağ”ın legioneri: "Mənim üçün əsas problem az oynamağımdır"
“Bu mövsüm çox az oynadığım üçün işlər istədiyim kimi getmir”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica ehtiyatda qalması barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
26 yaşlı hücumçu bildirib ki, hazırda onun üçün əsas problem çox oyun şansı qazana bilməməsidir: “Düzünü desəm, baş məşqçi ilə bu barədə fikir mübadiləsi aparmaq üçün cəhd göstərməmişəm. Onun qərarlarına hörmətlə yanaşıram. Bu, mənim işimdir. İşimi görməli və məşqlərimə davam etməliyəm”.
“Qarabağ”ın Misli Premyer Liqasının XI turunda “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldiyi oyunda qol vuran futbolçu təəssüratlarını bölüşüb: “Qol vurmaq hər bir futbolçu üçün böyük zövq verir. Hazırda turnir cədvəlinə başçılıq edirik. Liderliyimizi sonadək qorumağa çalışacağıq”.
Qeyd edək ki, Redon Cica bu mövsüm “Qarabağ”ın heyətində 7 oyunda 3 qolla yadda qalıb.