featured-image-16079

Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Aleksey Kulbakov Azərbaycan futbol ictimaiyyəti üçün tanış referi hesab oluna bilər.

Msport.az xəbər verir ki, belaruslu ədalət təmsilçisi daha əvvəl də Azərbaycan təmsilçilərinin oyunlarına təyinat alıb.

Belə ki, o, ilk dəfə 2011-ci ilin 10 avqustunda “Dalğa Arena”da keçirilən Azərbaycan – Makedoniya yoxlama görüşünü idarə edib. Yığmamızın 0:1 hesabıyla uduzduğu həmin matçda Kulbakov Makedoniya yığmasının 2 üzvünə sarı vərəqə göstərib.

FİFA referisi “Qarabağ”ın da oyununda söz sahibi olub. O, 2014-cü il oktyabrın 2-də Avropa Liqasının qrup mərhələsində ağdamlıların Milanda “İnter”lə matçını (2:0) idarə edib. Kulbakov “İnter”dən Juan Jezus və Qari Medeli, “Qarabağ”dan isə Muarem Muaremi sarı vərəqə ilə cəzalandırıb.

Kulbakov 2016-cı il avqustun 18-də Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Qəbələ” – “Maribor” (Sloveniya) matçının da baş hakimi olub. Mərhələnin ilk oyununu Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə ilə başa vurub.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) matçına saat 21:45-də start veriləcək.

Bənzər xəbərlər