Qırğızlar Bakıda hamını udub getdilər
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə yekun vurulub.
Msport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və AFFA-nın birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 komanda iştirak edib.
“ASCO Arena”da keçirilən üçüncü yer uğrunda görüşdə “Neftçi” “Səbail” üzərində 2:1 hesabı ilə qələbə qazanıb və bürünc medala sahib olub.
Final oyununda “Zirə” və Qırğızıstanın “İlbirs” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “İlbirs” 2:1 hesabı ilə qalib gəlib.
Turnirin ən yaxşı oyunçusu Kayrat Kanatov (“İlbirs”), bombardiri Murad Cabbarov (“Sumqayıt”, 7 qol), ən yaxşı qapıçısı isə Xəqan Şükürov (“Zirə”) seçiliblər.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.
Qeyd edək ki, turnirdə Azərbaycan komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın 14 yaşlılardan ibarət “Paxtakor” komandaları da iştirak ediblər.







