featured-image-15916

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 12-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bura qələbə qazanmaq üçün gəlmişdik. Oyuna pis başlamadıq. Matçın qırılma nöqtəsi birinci hissənin ortalarında yaşandı. Mərkəz müdafiəçimizin anlaşılmayan hərəkətindən sonra qapımızda qol gördük. Daha sonra həmin oyunçu qırmızı vərəqə ilə cəzalandırıldı. Bu isə komandanın əməlli-başlı oyundan düşməsi deməkdir. Fərqli qələbə qazandılar. “Kəpəz” möhtəşəm idi. Uduzmuşuq, futbolçulara deyiləsi söz də çoxdur. Amma bəhanə axtarmaq fikrimiz yoxdur. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Gəncə mənə doğmadır, ölkəmizin ən gözəl şəhərlərindən biridir. Rəqib baş məşqçi kimi olsa belə, bura gəlmək çox xoş idi. Gözəl futbol atmosferini gördük. Futbol bayramı oldu. Əfsuslar olsun ki, buranı məğlub tərk edirik. Üzücü məqam uduzmağımızdır. Amma stadiondakı ab-hava möhtəşəm idi.

Nihad Qurbanlı bir kobud səhv və qırmızı vərəqə ilə yadda qaldı. Cəzalandırmaq asandır. Bizdə cəza metodları var. Onlar arasında futbolçunun əvəzedici heyətə göndərilməsi, pul cəzasını qeyd edə bilərəm. Mənə maraqlı olan odur ki, oyunu 11 nəfərlə başa vura bilmirik. Nəticə qazanmaq istəyirik, amma neçə oyundur, meydanı 10 nəfərlə tərk edirik. Bu, problemdir. Bilərəkdən qırmızı vərəqə aldıqlarını da deməzdim. Sadəcə olaraq, görünür ki, aqressiv və kobud futbolu ayıra bilmirlər. Başa salırıq, amma ayırd edə bilmirlər. Qırmızı vərəqələr oyunumuza çox təsir edir. Futbolçularımızdan aqressiv oynamalarını istəyirik. Amma bu, o demək deyil ki, qırmızı vərəqə alsınlar. Nihad Qurbanlı təcrübəsizlikdən qırmızı vərəqə aldı”.

Bənzər xəbərlər