Qurban Qurbanov: “Turan Tovuz”un bizə xoş olmayan üslubu var”
“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunun “Turan Tovuz”la görüşündən (0:0) sonra keçirilmiş mətbuat konfransında deyib.
Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
– Qarşıdakı matçınız “Budo Qlimt”lə olacaq. Onlar da süni ot örtüyündə oynayır. “Turan Tovuz”la görüş bu mənada yaxşı oldu?
– Haradasa belə düşünmək olar. Meydança amili, təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu. Futbolçuların hazırlıq səviyyəsi də düzəlir.
– Yassin Benzyanın oynamamasının səbəbi nə idi?
– Əzələsində ağrılar hiss etdi. İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 gündən sonra düzəlməlidir.
– Leandro Andrade matçın ilk hissəsində zədələndiyinə görə meydandan çıxarıldı. Onun durumu nə yerdədir?
– Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz.
– Azərbaycan Premyer Liqasında hər oyun bu cür keçərsə, sizə faydalı olar?
– Tək özümüzü düşünmürük. Hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündür. Bu gün belə mübarizə gözlənilirdi. Temp demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun üslubu var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım.
– Kurban Berdiyev kimi məşqçinin burada olması, sizinlə rəqabət aparmasının futbolumuza təsiri necədir?
– Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadır. Belə insanların Azərbaycanda olması, əlbəttə ki, faydalıdır. Onun burada olmasına ancaq pozitiv baxıram.