featured-image-24295

Təxminən bir ay öncə “Neftçi”ni Kiprin “Apollon” klubuna dəyişən Qodsvey Donyoh qısa vaxt ərzində komandanın aparıcı futbolçusuna çevrilə bilib.

Qanalı hücumçu Limassol təmsilçisinin heyətində ardıcıl son 3 matçda fərqlənib. O, “Apollon”da 4 oyunda 3 qol vurub. Halbuki 28 yaşlı forvard bu mövsüm “Neftçi”də 15 qarşılaşmada cəmi 4 dəfə rəqib qapılarına yol tapa bilmişdi.

Belə çıxır ki, Kipr çempionatı Azərbaycan Premyer Liqasından çox zəifdir? Yox, əslində bunu ifadə etmək diletantlıq olardı. Kiprin bir çox klubları maliyyə imkanlarına görə, bizim komandaları qabaqlayır. Bu ölkədə olan legionerlərin səviyyəsi də daha yüksəkdir.

Deməli, Donyoh “Neftçi”yə adaptasiya ola bilmədi və ya Laurentsiu Regekampf ondan yararlanmağı bacarmadı. Məncə, ikinci variant daha real görünür. Rege Donyohu sırf tək hücumçu kimi oynadırdı və ondan istədiyini ala bilmirdi.

Maraqlıdır ki, “Apollon”u da rumıniyalı mütəxəssis Boqdan İoan Andone çalışdırır. Görünür, o, Regedən fərqli olaraq, qısa vaxt ərzində hücumçunun nələrə qadir olduğnu anlayıb. Yeri gəlmişkən, “Neftçi”nin digər sabiq futbolçusu Baqali Dabo isə “Apollon”da ehtiyatda oturur.

Bənzər xəbərlər