Region Liqasının qalibi müəyyənləşdi
Region Liqasının qalibi müəyyənləşib. Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən həlledici oyunda “Çinar-Zəngilan” və “Qusar” komandaları üz-üzə gəlib.
2:0 hesabı ilə qələbə qazanan “Qusar” AFFA Region Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olub. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib. “Qusar” komandasının üzvü Eşqin Tağıyev 24 qolla ən məhsuldar oyunçu olub. Çempion komandanın digər üzvü Tural Cəlilov isə 2022/2023-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib. Daha sonra müvafiq olaraq, II yerin sahibi “Çinar-Zəngilan” və qalib “Qusar” komandasına medallar və kubok təqdim edilib.
Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim edib.







