featured-image-28695

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrədə qalmaqala səbəb olub.

Msport.az xəbər verir ki, “Qrasshoppers” klubunun hücumçusu Super Liqanın XXX turunda “Yanq Boyz”la görüşdə komanda yoldaşı ilə mübahisə edib.

Matçın 67-ci dəqiqəsində meydana daxil olan Dadaşov 78-ci dəqiqədə qazanılan penalti zərbəsini vurmaq istəyib. Lakin onun üzərinə şığıyan kapitan Dominik Şmid topu gənc forvarddan alaraq, Petar Puşiçə verib. Bu isə Dadaşovun xoşuna gəlməyib. Nəticədə o, uzun müddət kapitana sərt şəkildə etirazını bildirib.

Zərbəni dəqiq yerinə yetirən Puşiç dublunu rəsmiləşdirərək, komandasının 4:1 hesablı qələbə qazanmasında mühüm rol oynayıb.

Oyundan sonra baş verənlərə münasibət bildirən “Qrasshoppers”in baş məşqçisi Corcio Kontini bunu pisləyib: “Bu hadisə məni əsəbləşdirdi. Çünki belə şeylər bizə yaraşmaz. Futbolçular sonda məsələni öz aralarında həll etdilər. Dominik öz fikrini bildirdi, Renat da bunu qəbul etdi”.

Qeyd edək ki, bu mövsüm İsveçrə Super Liqasında 8 qol vuran Renat Dadaşov “Qrasshoppers”in ən məhsuldar oyunçularından biridir. Sürix təmsilçisi hazırda 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bənzər xəbərlər