featured-image-25296

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Zirə” – “Sabah” oyunundan sonra (0:2) meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçı dəyərləndirib. Msport.az xəbər verir ki, o, CBC Sport-a açıqlamasında ikinci hissədə səhvlərə yol verdiklərini deyib:

“İki fərqli hissə gördük. İlk yarıda düşündüklərimiz və planlaşdırdığımız hər şey alınırdı. Rəqibə oynamağa imkan vermirdik, meydan boyu pressinq tətbiq edirdik. Müəyyən təhlükəli hücumlarımız da oldu. İkinci hissəyə nədənsə passiv başladıq. Halbuki paltardəyişmə otağında biz də danışırdıq, futbolçular özləri də. Rəqibin ilk təhlükəli hücumu qolla nəticələndi. Üstəlik, ikinci təhlükəli hücumda da qol oldu. Belə bir statistika var və bu davam edir. Belə olanda isə bu cür rəqiblərlə oyunlarda nəticə qazanmaq çətin olur. İkinci hissədə 0:2-dən sonra dəyişiklər oldu, hücum edib hesabı dəyişməyə çalışdıq. Alınmadı, təbii ki, məyusuq. Qələbə qazanmaq istəyirdik. Amma alınmadı”.

“Zirə”nin baş məşqçisi komandasının çempionatın geridə qalan bölümündəki çıxışını da dəyərləndirib:

“Üçüncü dövrədə qazandığımız xal ehtiyatı bizi qane etmir. Çempionatda hər bir xal, hər qazanılan qələbənin nə qədər çətin olduğunu görürük. Ötən mövsüm 5-8-ci yerdə gedən komandalarla biz yalnız sonuncu turda bərabərə qaldıq. Ondan başqa bütün oyunlarda qələbə qazandıq. Lakin bu çempionat daha fərqlidir. Komandalar daha əzmkar, daha istəklidir. Çempionatdan aşağı düşəcək klubun olması faktı da  komandaların əzmini artırıb. Çempionatda qələbə qazanmaq müşkülə çevrilib. Bunun üzərində təhlillərimizi aparacağıq ki, növbəti turlarda daha yaxşı nəticələr əldə edək”.

Sadıqov “Sabah”la oyundan öncə heyətdə itkilərinin olduğunu bildirib. O, Vladislav Kulaç və Abbas İbrahimin hələ tam hazır olmadıqlarını vurğulayıb: “Donald Gerye və Mohammed Hamdauinin qızdırması var idi. Dünən yüngül məşq etdilər. Həkimlərlə məsləhətləşdik, 20-25 dəqiqə oynaya biləcəklərini dedilər. Coşğun Diniyev oyuna bir gün qalmış məşqdə zədələndi. Sərtan Taşkın da yeni zədədən qayıdıb. Xüsusən də yerli futbolçularla bağlı problemlərimiz var idi. Hacıağa Hacılı, Sərtan, Coşğun – bu 3 futbolçudan məhrum olmuşduq. Yəni əsas heyətdə istifadə edə bilmirdik. Məcbur idik ki, hər hansı rotasiyalara gedək.

Autlardan başımız çox ağrayır. Bu gün öz atdığımız autdan problem yaşadıq. Çempionat boyu istər rəqibin, istərsə də öz autlarımız zamanı ciddi çətinlik çəkirik. Ola bilər ki, bu kiminsə diqqətini cəlb eləməsin, amma qapımızda çox qolları məhz autlardan sonra görmüşük. Danışırıq, təhlik edirik. Təəssüf ki, hələ də bu boşluğu aradan qaldıra bilməmişik”.

AYXAN  

Bənzər xəbərlər