Rəşad Sadıqov: “Komandalar bir-birinə oynamaq imkanı vermirdi"
Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Zirə” – “Neftçi” (1:0) ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi.
– İlk kubok oyunundan sonra danışmağı heç sevmirəm. Bu, ilk hissəni udub, şərh vermək kimidir. Əsl kubok ab-havası var idi. Meydanda amansız mübarizə gedirdi. Cütün taleyi cavab matçında həll olunacaq. 4 gün sonra “Şamaxı” ilə vacib çempionat matçımız var. Həmin oyuna köklənməliyik. Ondan sonra “Neftçi” ilə cavab matçına hazırlaşmaq vaxtımız olacaq. Futbolçularımı təbrik edirəm. Növbəti günlər ilk hissədən sonrakı fasilə kimi olacaq. Konsentrasiyanı itirməməliyik.
– Komanda ilk hissədə ümumiyyətlə hücuma çıxa bilmirdi…
– Səbəb “Neftçi”nin aqressiv pressinq etməsi idi. Komandalar bir-birinə oynamaq imkanı vermirdi. Qapılara da demək olar, zərbə yox idi. İkinci hissədə oyun bir qədər fərqli oldu.
– Filipe Paxtman yenə zədələndi…
– Bu, bizi məyus edir. Yenə səbirli olacağıq. Onun istedadına inanıram. İnşallah, bu zədələri geridə qoyub potensialını tam ortaya qoyacaq.
– Hakim 7 dəqiqə artıranda etiraz edirdiz…
– Bir qədər çox göründü. Ancaq sonra dedi ki, dayanmalar çox olub. Buna görə də 7 dəqiqə əlavə edib.
– Sərtan Taşkından vinger kimi istifadə etdiz. Bu, “Neftçi”yə qarşı xüsusi plan idi?
– İki oyun modeli üzərində çalışırıq. Bu oyun planından “Qarabağ”la matçda da istifadə etmişdik. 4-5 gündən bir oyunlarımız var. Bunu həm rotasiya, həm də rəqibə uyğun oyun planı kimi qiymətləndirmək olar. (futbolpress.az)







