featured-image-54696

“Ölkədə iki bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının VII turunun “Qarabağ”la oyundan sonra mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– “Neftçi” azarkeşlərini nə vaxt sevindirəcəksiniz?

– Bir neçə dəfə dediyimi təkrarlayacam, mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və layiqli qələbələrlə onları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

– Oyun planı nədən ibarət idi və nə həyata keçirilmədi?

– Biz başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibə öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.

– Vəziyyət belə davam edərsə, qarşıdakı hədəflər nədir?

– Yalnız bir hədəfimiz var. Ardıcıl oyunlarda qalib gəlməyəndə, çox söz deməyə adamın dili gəlmir. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq.

– Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması məsələsinə necə aydınlıq gətirərdiz?

– Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır.

– “Neftçi”nin istədiyi futbolu oynaması üçün nə çatışmır?

– Zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma “Neftçi”nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan “Neftçi” görəcəksiniz.

– Rəhbərlik sizə o vaxtı verəcək?

– Bu suala mənim cavab verməyim düzgün alınmaz. Rəhbərliyə verməlisiniz. Biz onlarla danışırıq. Onlardan yüksək səviyyəli anlayış görürəm. Futbolu çox yaxşı, yaxından dərk edirlər. Lazımi, düzgün addımlar atırlar. Mən rəhbərliklə müzakirələrdən sonra bu qərara gəldim. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm, onları dinləyirəm. Ona istinadən sizə bunu deyirəm. Nə etmək lazım olduğunu bilirlər.

Bənzər xəbərlər