featured-image-84819

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Britaniya futbolundan bəhs edən “Day 1s” serialının istehsalına start verildiyini açıqlayıb.

Msport.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.

O, çəkiliş meydançasından görüntüləri və layihənin prodüseri Metyu Vonla birgə fotosunu yayımlayıb. Serial uydurma futbol agenti Stenli Daltonun həyatından bəhs edəcək. Baş qəhrəmanı “Homeland” və “Billions” seriallarından tanınan aktyor Dəmyen Lyuis canlandıracaq. Layihədə Fransanın sabiq hücumçusu Tyerri Anri və britaniyalı reper Dave də iştirak edəcək.

Ronaldo Metyu Vonla birlikdə rəhbərlik etdiyi UR•Marv Studios vasitəsilə layihənin icraçı prodüseri kimi çıxış edir. Portuqaliyalı futbolçunun özü də serialda rol alacaq.

Qeyd edək ki, serialın yayım tarixi və hansı platformada nümayiş olunacağı hələ açıqlanmayıb.

Bənzər xəbərlər