"Sabah" üçün daha bir bəd xəbər - Kaşuk "Trabzonspor"un hədəfində
Ötən mövsümü icarə əsasında keçirmiş Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşuk karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Trabzonspor” klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Hətta komandanın baş məşqçisi Nenad Byelitsa gənc vingeri iş başında görmək üçün Ukraynanın U-21 yığmasının ötən gün start götürən Avropa çempionatında Xorvatiya ilə ilk tur matçını (2:0) stadiondan canlı izləyib.
İddiaya görə, görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçinin çıxışı xorvatiyalı mütəxəssisi valeh edib.
Qeyd edək ki, Aleksey Kaşuk ötən mövsüm “Sabah”ın heyətində 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







