featured-image-18709

“Şamaxı”nın bazası olan “Şirvan” hotelində “Şamaxı”ya dəstək” adlı tədbir keçirilib.

Msport.az xəbər verir ki, ilk olaraq qonaqlar mərkəzi stadiona gedərək əsas komandanın məşqini izləyib, məşqçi heyəti ilə səmimi söhbətlər aparıblar. Klubun İdarə Heyətinin sədri Elçin Usub qonaqlara komanda haqqında məlumat verib.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev çıxış edərək kluba dəstək olmağın və “Şamaxı” Futbol Klubunun bir brendə çevrilməsinin vacibliyini vurğulayıb.

Tanınmış incəsənət xadimi İlham Namiq Kamal da çıxış edərək komandanın bütün oyunlarına baxdığını, o cümlədən ev oyunlarını tribunadan izlədiyini, komandanın yerli gənc oyunçulardan ibarət olmasına, legionerlər olmadan baxımlı və məzmunlu oyun göstərməsinə sevindiyini deməklə rayon əhalisinin daim komandanın yanında olmalı olduqlarını bildirib.

Daha sonra konfrans zalında davam edən tədbirdə rayonun icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayıb. O, hər zaman “Şamaxı”ya dəstək göstərəcəyini bildirib, tədbirin qonaqlarını da kluba dəstək olmağa çağırıb.

Ardınca Elçin Usub çıxış edərək “Şamaxı”nın tarixi, uğurları və missiyası haqqında məlumat verib. Hazırda əsas məqsədin klubun dayanıqlı maddi-texniki bazasının yaradılması olduğunu bildirib.

“Futbolun İnkişaf Fondu”nun direktoru Tural Piriyev də çıxış edərək fondun yaradılması, fəaliyyəti haqqında məlumat verib. Cənab Piriyev regionlarda futbolun inkişafı üçün daim çalışdıqlarını və klublara sponsorların cəlb edilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Bənzər xəbərlər