Şamaxıda və “Şamaxı”da gördüklərim
“Şamaxı” sabah Azərbaycan Premyer Liqasının ilk turunda öz meydanında “Neftçi” ilə qarşılaşacaq. Bu oyundan 3 gün əvvəl isə klub yeni loqosunu, idarə heyətini media nümayəndələrinə təqdim etdi. Bir avtobust jurnalist (təxminən 25-30 nəfər) Şamaxıya səfər edərək klub rəhbərliyi ilə yerindəcə tanış oldu. Bir qədər əvvələ gedib deyim ki, ev sahibləri mətbuatın rahatlığı üçün əllərindən gələni etmişdilər. Amma ümid edirəm inanacaqsınız ki, bu yazını qələmə almağa “Abqora”dakı dadlı yeməklərin və məşhur Şamaxı şərabının subyektiv təsirləri olmayıb.
“Şamaxı” barədə neçə vaxt idi ki, hər kəs həyəcanla danışırdı, “komandanın aqibəti necə olacaq”, “heyətdə kimlər yer alacaq”? Və hər kəsin də yekdil fikiri bu idi ki, bu gedişlə komanda Premyer Liqanın aşkar autsayderi olacaq. “Şamaxı” tərəfinin susması, klub barədə heç bir məlumat verməməsi bütün bu şübhələri artırırdı. Amma sən demə, onların da öz planı var imiş…
Səhər yeməyindən sonra rəsədxana Şamaxı turunda növbəti dayanacaq oldu. Sonradan başa düşdük ki, təşkilatçıların bizi rəsədxanaya göndərməsinin də simvolik mənası var imiş – “Ulduzlara yaxın olaq” yeni mövsümdən “Şamaxı”nın əsas şüarı oldu. Klubun loqosunda da məhz ulduzlar, eləcə də Azərbaycan tarixində önəmli yer tutan “Şirvanşahlar” dövlətinin simvolları yer alır. Düzdür, hazırkı “Şamaxı”nın heyətində ulduz futbolçu yoxdur, hətta bəzi oyunçular Premyer Liqada debüt edəcəklər. Aydın məsələdir ki, nəticə baxımından “Şamaxı”nın işi çətin olacaq, hətta bəlkə 1-ci turda “Neftçi”yə böyükhesablı məğlubiyyət də qeydə alındı. Lakin təqdimat mərasimindən sonra gəldiyim qənaət bu oldu ki, klub gələcəyə yönəlik addımlar atır. Yeni yaranan kimi avrokubok və ya yüksək yerlər haqqında düşünmürlər, əsas diqqəti rebrendinq işlərinə və klubun qurulmasına yönəldiblər.
Təqdimat mərasimi başlamamış Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun gəlib jurnalistlərlə görüşməsi, mediaya diqqət ayırması (özü vaxtı ilə İTV-də işlədiyindən başqa cür mümkün də deyil) hər kəs üçün xoş oldu. Sonradan bildim ki, Tahir müəllim tədbirin keçiriləcəyi “Şirvan” otelinə yalnız mediaya görə gəlməyib. O, birbaşa klubdakı proseslərə nəzarət edir, loqodan tutmuş, formalara kimi hər şey onun “ok”-dan sonra təsdiqlənir. “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub olsa da, Tahir Məmmədova qeyri-rəsmi fəxri prezident də demək mümkündür.
Mətbuat konfransında maraqlı məqamlardan biri də Elçin Usubun bütün “cəncəlli” suallara ustalıqla cavab verməsi oldu. Vaxtilə AFFA-da Hüquq Departamentində və Lisenziyalaşdırma kommisiyasında işləyən Usub bu sahəyə yad adam deyil. Bir tərfdən də hüquqşünas olması (“Advokat” futzal klubunun da yaradıcısıdır) çətin vəziyyətlərdən usatalıqla çıxmasına imkan yaradır. Ən əsası isə Elçin bəydə ənənəvi məmur obrazı görmədik. Mətbuat konfransına çox rahat, qalstuksuz gəldi, tədbirdən sonra bir-bir bütün jurnalistlərə yaxınlaşaraq görüşdü və telefonunun da 24 saat açıq olduğunu bildirdi. Bütün bunları görəndə illərdir “Şamaxı”, “Keşlə” adı ətrafında yaranmış neqativ söz-söhbətlərin yavaş-yavaş dağılacağına ümidlər yaranır.
Şamaxı”nın əvvəlki rəhbərliyinin dövründə klubun loqosuna yaranma tarixi kimi 2004 yazılmışdı. Halbuki “Şamaxı” özünü “Keşlə”nin, “Keşlə” “İnter”in, “İnter” isə “Xəzər Universiteti”nin (lap “Turpun” nağılındakı baba nənədən, nənə nəvədən, nəvə Toplandan yapşıdı məsəlinə oxşadı) varisi sayırdı. Yaxşı ki, bu anormallıq aradan qaldırıldı. “Şamaxı”nın yeni rəhbərliyinin əla jestlərindən biri də “Xəzər Universiteti”nin yaradıcısı, professor Hamlet İsaxanlını tədbirə dəvət etməsi idi.
Düzü, Hamlet müəllimi son dəfə futbolla bağlı toplantılarda nə vaxt görmüşəm, xatırlamıram. Sanki belə bir adam olmayıb. İsaxanlının 1997-ci ili yada salması, Universitet komandasının yüksək liqaya necə çıxması barədə baməzə söhbəti stajlı jurnalistləri və futbol adamlarını ötən illərə qaytardı.
“Şamaxı”nın yeni loqosu ilə bağlı sosial şəbəkələrdə çox söhbət getdi. Kimi dedi “bu nə şirdir”, kimi artıq kluba “galakticos” ləqəbi qoydu, fantaziyası bir az irəli gedənlər isə loqonun məftildən hazırlandığına dair lətifələr düzüb-qoşdular. “Anti reklam da bir reklamdır” deyiminə əsaslansaq, loqonun bu dərəcədə müzakirə olunması əslində “Şamaxı”nın xeyrinədir. “Yuventus” da loqosunu təzələyəndə az qala 5-6 ay onun söhbətləri getdi. Yəni zövq məsələsi elədir ki, hamını 100 faiz razı salmaq mümkün deyil.
Tədbir, rebrendinq yaxşı, amma futbolda ən önəmlisi nəticədir. Sabah “Şamaxı” ardıcıl böyük hesabla uduzmağa başlasa, azarkeşlər komandadan küsəcək və stadiona gəlməyəcəklər.
Ona görə də işin futbol tərəfinə də ciddi fikir vermək lazımdır. “Şamaxı”nın bu il qurduğu heyətə baxanda başa düşmək mümkündür ki, büdcə kasaddır, maddi imkanlar geniş deyil. Ancaq buna rəğmən, məşqçilər korpusu ümid edir ki, gənclərdən qurulmuş komanda döyüşəcək, sona qədər mübarizə aparacaq. Məşqçilərdən söz düşmüşkən, heyəti Cavid Hüseynov qursa da, onun PRO kateqoriyası olmadığından baş məşqçi kimi Vüqar Əsgərli təqdim olundu. İndiyə qədər yalnız qadın futbolunda işləyən Əsgərlinin “komandaya həm mən, həm də Cavid Hüseynov tapşırıq verəcək” deməyini eşidəndə məşhur isveçli Laqerbek – Soderbek dueti yada düşdü. Amma bura İsveç deyil və bizdə belə şərikli işlər heç vaxt uğurlu olmur.
ELNUR MƏMMƏDLİ