"Son oyunun son fitinədək mübarizə aparacağı" - "Şamaxı"nın baş məşqçisi
“Şamaxı” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sumqayıt”la heç-heçə (0:0) edərək xallarının sayını 22-yə çatdırdı. Əyalət klubu indi “Səbail”i 1 xal qabaqlayır.
Msport.az xəbər verir ki, “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli çempionatda qalmaq üçün sonadək mübarizə aparacaqlarını deyib:
“Sumqayıt”la oyunlarımız həmişə maraqlı keçir. Həm də turnir cədvəlinə baxsaq, görüşün nə dərəcədə gərgin keçəcəyini bilmək olardı. Sonuncu dövrədir, rəqiblər bir-birlərini yaxşı tanıyırlar, 4-cü dəfədir qarşılaşırıq. Futbolçularımıza verdiyimiz bütün tapşırıqları layiqincə yerinə yetirdilər. Bəzi detal səhvlər var idi ki, onları nəzərə almasaq. Futbolçularımı təbrik edirəm, 1 xal da bir xaldır ki, qazandıq”.
“Şamaxı”nın baş məşqçisi komandasının Premyer Liqada qalmaq şansları barədə fikirlərini qısa ifadə edib: “Son oyunumuz “Səbail”ə qarşı olacaq. Son oyunun son fitinə qədər mübarizə aparacağıq. Çalışacağıq ki, Premyer Liqada qalaq”. (CBC Sport)
AYXAN







