featured-image-29175

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

Msport.az xəbər verir ki, Suqovuşandakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, “Azərreyl” Voleybol Klubunun prezidenti Fərid Xəlilov, digər federasiyaların rəsmiləri və qonaqlar iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Vüqar Əhmədova söz verilib. Qonaqları salamlayan AKAF prezidenti yarışda 20-dək ölkə idmançılarının iştirak etdiklərini bildirib. O deyib ki, reqatanın ilk günü məhz Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə inşa olunmuş Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı ölkələrə uğurlar arzu edib.

Ardınca danışan Bəşir Hacıyev turnirin önəmini vurğulayıb. O qeyd edib ki, reqatanın Ulu Öndərin 100 illik yubileyinə həsr olunması xüsusi əhəmiyyət daşıyır: “Qarabağa həyat qayıdır, işğaldan azad olunmuş torpaqlar önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu, hər zaman bizə doğru yolu göstərəcək. İştirakçılara uğurlar arzu edirəm”.

Sonda Fərid Qayıbov çıxış edərək iştirakçıları salamlayıb. Nazir üçüncü dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayının artdığını xatırladıb:

“Tədbirimiz ən yüksək səviyyədə keçir. Buna görə nazirlik adından federasiyaya təşəkkürümü bildirirəm. Təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil”.

F.Qayıbov deyib ki, idmançılar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirlər:

Bu il “Heydər Əliyev İli”ni qeyd edirik. Müxtəlif federasiyalar beynəlxalq tədbirlər keçirirlər”.

İdmançılara uğurlar arzulayan nazir yarışı açıq elan edib.

Açılış mərasiminin sonunda iştirakçı ölkələr təqdim olunub.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.

Bənzər xəbərlər