featured-image-32021

Tanınmış menecer Vaqif Heydərli Azərbaycan klublarının iştirak edəcəyi Çempionlar Liqası və Konfrans Liqasının püşkatmasını dəyərləndirib.

O, Msport.az saytına açıqlamasında “Qəbələ”dən başqa, digər 3 təmsilçimizə münasib rəqiblərin çıxdığı bildirib:

“Qarabağ”a ən optimal, istədiyimiz komanda düşdü. Digər klublarımıza gəlincə, hər iki tərəfi nəzərə alsaq, ən çətin rəqib “Qəbələ”nin bəxtinə çıxdı. Düzdür, “Fənərbağça” və ya PAOK da gələ bilərdi. “Qırmızı-qaralar” üçün ən ideal rəqib “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ola bilərdi. Çünki “Vaduts” da son vaxtlar xeyli inkişafa nail olub. Son zamanlar sərgilədikləri oyun da onların ciddi rəqib olduğunu göstərir. “Qəbələ” üçün çətin olacaq. Heyəti qorusaydılar, nəyəsə ümid etmək olardı. Amma indiki vəziyyətdə heç də asan olmayacaq.

“Neftçi”nin bəxti gətirdi” deyə bilərik. Çünki son 5-ə qalanlar içində “Voyvodina”, “Debretsen” və MOİK kimi rəqiblər var idi. Bu üçündən biri düşmədiyi üçün sevinməliyik. “Tirana” və “Batumi” də bizə uyğun idi. “Jelezniçar” və “Dinamo” (Minsk) isə keçiləsi komandalardır. “Neftçi” baş məşqçi və futbolçularla bağlı qeyri-müəyyənliyə bir an öncə aydınlıq gətirsə, hər iki rəqibi keçmək olar”.

Məncə, “Sabah” üçün də uğurlu püşk oldu. Çünki ÇFR, “Hapoel” və “Legiya” ciddi rəqiblərdir. Düzdür, orada “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütü də var idi. Amma “Makedoniya” və RFŞ-nı da bu komandalarla aşağı-yuxarı eyni saymaq olar. RFŞ maliyyə resurslarına və kegioner bazasına görə güclü klub olsa, avrokuboklarda uğurlu çıxış etsə də, “Sabah”ın “diş”inə uyğun rəqibdir”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”u ilə qarşılaşacaq. Konfrans Liqasındakı təmsilçilərimizdən “Neftçi” “Jelezniçar” – “Dinamo” (Minsk), “Sabah” “Makedoniya” və RFŞ cütünün qalibi, “Qəbələ” isə “Omoniya” ilə qarşılaşacaq.

Bənzər xəbərlər