Tanınmış menecer Şeydayev haqqında: "Əksər futbolçular bu yaşda, bu cür statistika ilə daha yaxşı liqalara can atırlar"
Ramil Şeydayev karyerasını Taylandın “”Buriram Yunayted” klubunda davam etdirəcək. Hücumçu mövsüm başa çatdıqdan sonra “Qarabağ”dan ayrılaraq yeni komandasının düşərgəsinə yollanacaq. Bu keçid millimizin üzvünə və Azərbaycan futboluna nə verəcək?
Tanınmış menecer Vaqif Heydərli Msport.az-a açıqlamasında 27 yaşlı forvardın keçidində başlıca amilin maddi səbəblər olduğunu vurğuladı:
“Tayland liqasında 16 komanda var. Oyunların sayı çox olur, azarkeş marağı bizə baxanda çox böyükdür. Bir neçə komanda var ki, onların oyununa xeyli tamaşaçı gəlir. Bəzi matçları 25-30 min azarkeş izləyir. Amma futbolun səviyyəsi o qədər də yüksək deyil. Çempionatda legionerlər var, daha çox Cənubi Amerika, Afrika ölkələrindən, bir də Portuqaliyadan. Turistlərin daim getmək istədikləri bir ölkədir, yəni yaşam səviyyəsi yüksəkdir.
Tayland çempionatına Ərəb liqalarının alternativi kimi də baxmaq olar. Pul var, lüks həyat yaşamaq mümkündür. Yəqin ki, Şeydayevin müqaviləsinin şərtləri də çox yaxşıdır. Millinin oyunçusu, liqanın bombardiri olanda maaşdan başqa, müqavilədə müxtəlif bonuslar da öz əksini tapır. Şeydayevin 750 min və ya 1 milyon dollara müqvilə bağladığı deyilir. Amma dəqiq bilmirik, belə olsa, təbii ki, ciddi rəqəmlərdir”.
V.Heydərli bu seçimə görə, futbolçunu qınamağın doğru olmadığını düşünür: “Bu onun şəxsi seçimidir. Düzdür, əksər futbolçular bu yaşda, bu statistika ilə daha yaxşı liqalara can atırlar. Amma belə ölkələrə gedənər də var. Şeydayevin 27 yaşı var, o qədər də çox deyil. Lakin nə demək olar, öz seçimidir”.
Tanınmış menecer futbolçunun gələcək karyerası baxımından Taylandda bir qədər gözdən uzaqda qalacağını dedi:
“Bundan sonra o tip ölkələrdə çıxış edə bilər. Taylandda özünü göstərə bilsə, qollar vursa, inanıram ki, belə də olacaq, daha yaxşı müqavilə bağlaya bilər. Bir məqam da var ki, yerli çempionat Koreya, Çin kimi liqalara daha yaxındır. Ona görə həmin ölkələrdən gəlib izləyə bilərlər. Çin və Koreya çempionat olaraq əlbəttə ki, Taylanddan daha üstündür. Onların diqqətini cəlb edə bilər”.
AYXAN