featured-image-24386

“Kəpəz” Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub oldu. Msport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov komandasından razı qaldığını bildirib:

“Bu gün komandamdan razı qaldım. Azlıqda qalsaq belə, çox intizamlı oynadıq. İlk 15 dəqiqədə də hiss olunurdu ki, biz bura uduzmağa gəlməmişik. Amma təəssüf ki, futbolda gözəlilməz hadisələr də baş verir. Ümumilikdə, komanda yaxşı mübarizə apardı. Azlıqda qalsaq da, qol vurmaq imkanımız var idi.

6 gündən sonra bizi “Zirə” ilə ağır oyun gözləyir. Bura gəlmişdik ki, heç olmasa səfərdə 1 xal qazanaq. İki uğurlu oyundan sonra liderlər qrupunda olan komanda ilə başa-baş mübarizə aparmaq fikirində idik. Təəssüf ki, alınmadı. Amma irəli baxmalıyıq. Komandama intizamlı və mübariz oyun nümayiş etdirdikləri üçün təşəkkür edirəm”.

Qonaqların baş məşqçisi Ahmed Ayzaya və Georgi Kantariyanın yoxluğunun oyunlarına təsir göstərdiyini bildirib: “Ayzaya ilə Kantariyanın olmaması orta xətdə müəyyən problemlər yaratdı. Mahir Həsənov bir neçə tur oynamamışdı, həyəcan ilk dəqiqələrdə hiss olunurdu. Amma mərkəzdə elə bir çətinlik yaşamadıq. Oyunumuzun qırılma nöqtəsi qırmızı vərəqə və penalti idi. Penaltiyə dəfələrlə baxdıq, yeni qaydalarda deyilənə görə, bədəndən qayıdan top ələ dəyirsə, o qayda pozuntusu sayılmır.

Bu gün Mahir Həsənov da qənaətbəxş oyun nümayiş etdirdi. İlk dəfə idi ki, lider komanda ilə oyuna çıxırdı. Kantariya və Ayzayanın olmaması hücum xəttində və müdafiədə bəzi problemlər yaşatdı”.

Əhmədov klubda artıq ümumi ab-havanın düzəldiyinə işarə edib: “Hamı hər şeyi dərk edir. Mən uzun müddət səbr elədim, elədim…Bu haqda hər bir məlumatı rəhbərliyə vermişdim və sonda deyilmə məqamı idi ki, dedim. Bu gün hər kəs öz işi ilə məşğuldur. Mənim işim əsas komandanı dirçəltmək və Premyer Liqada saxlamaqdır. Akademiyanın öz işi var, Hər kəs öz işi ilə məşğul olsa, düşünürəm ki, uğurlarımız daha çox olacaq”. (CBC Sport)

AYXAN

Bənzər xəbərlər