Teymur Rəcəbovdan İddiaçılar Turnirində 2-ci qələbə
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Msport.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 12-ci turda qara fiqurlarla turnir cədvəlinin və dünya reytinqinin ikincisi çinli Dinq Lirenlə üz-üzə gəlib. Matç 26-cı gedişdə Rəcəbovun qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xalını 6-ya çatdıran Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Sıralamaya 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.