Triatlon tarixində ilk dəfə…
Türkiyənin Bələk şəhərində rəsmi “Ironman” seriyası çərçivəsində triatlon üzrə növbəti yarış baş tutub. Ölkəmizdən bu yarışda ən geniş heyətlə “Triterra Baku Triathlon” klubu iştirak edib.
Msport.az xəbər verir ki, klubu təmsil edən 11 iştirakçının hamısı məsafəni uğurla başa vuraraq, hədəflədikləri nəticəyə nail olub.
Azərbaycan triatlon idmanı tarixində ilk dəfə olaraq, ölkəmizi təmsil edən ata və oğul-Fəxri və Qüdrət Əkbərovlar bir estafet cütlüyü olaraq beynəlxalq triatlon yarışında mübarizə aparıb. Bu tandem yüksək əzm tələb edən davamlı məşqlər edərək, bir-birlərini daha böyük nailliyətlərə və bacarıq sərhədlərini genişləndirməyə ruhlandırıb. Artıq dəmir məsafəni qət edən ata üçün, oğlu ilə birlikdə bu yarışda iştirak etmək böyük məqsəd, oğul üçün isə atasının nümunəsindən ilham almaq idi.
Klubun baş məşqçisi Aleksandr Mordasov ata-oğulun eyni yarışda iştirakını belə dəyərləndirib: Klubun əsas vəzifəsi bu idman növünü nəsillərə ötürməkdir, məhz buna görə də ölkəmizdə “dəmir insanlar” hərəkatı yaradılıb. Bu hadisə onların hər ikisi üçün şəxsi qələbədən əlavə, möhkəm ailə bağı, birlik və əsl miras simvolu idi. Onlar bir daha sübut etdilər ki, məhz ailə böyük məqsədlərə çatmaqda ilham və dəstək mənbəyidir”.
Qeyd edək ki, “Ironman” yarışı idman aləminin ən ciddi və həyəcanverici növlərindən biridir və üç fərqli fənni özündə birləşdirir: açıq suda üzgüçülük, uzun məsafəli velosiped sürmək və marafon qaçışı. İştirakçılar nəhəng fiziki və psixoloji çətinliklərin öhdəsindən gələrək təkcə rəqibləri ilə deyil, həm də özləri ilə yarışırlar.