UEFA reytinqi: “Neftçi” irəliləyib, “Qarabağ” geriləyib
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
Msport.az xəbər verir ki, avrokuboklarda II təsnifat mərhələsinin oyunları yerdəyişmələrə səbəb olub. “Qarabağ”ın UEFA Çempionlar Liqasının II raundunda Polşa komandası “Rakuv”a iki görüşün cəmində uduzması geriləməsi ilə nəticələnib.
Bir pillə geriləyən Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər. “Köhlən atlar”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 3 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür.
Adrian Mutunun kollektivində 2 pilləlik irəliləmə müşahidə edilib.
“Qarabağ” kimi, “Qəbələ” də reytinqdə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 268-cidir.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (106.000) qapayıb.







