featured-image-16410

Azərbaycan Premyer Liqasında XIII turun “Qəbələ” – “Zirə” (1:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

– Oyunun ağır keçəcəyini bilirdik. “Zirə” yaxşı futbolçulardan təşkil olunmuş kollektivdir. Fikrimizdə olanları futbolçular göstərməyə çalışırdı. İlk dəqiqədən sonra oyundan qopmadılar. Komandamı təbrik edirəm. Azarkeşsiz futbol olmur. Oyunu daha da gözəl etmək olardı. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Tribunada olmasalar da, yanımızdadırlar. Onları təbrik edirəm.

– Ülvi İsgəndərovu meydana buraxdız və o, mərkəzdən qol vuraraq, komandaya qələbə qazandırdı…
– Ülvidən həmişə qeyri-adi nəsə gözləmək olar. Bunu dəfələrlə göstərib. Çempionatda qeyri-adi hücumçulardandır. Oyunun taleyini hər an dəyişə bilər. Üzərinə nə düşürdüsə, onu etdi.

– Asif Məmmədovun oynamaması nə ilə bağlıdır?
– Mikro-zədəsi var idi. Rafael Utzdiqdə də həmçinin. Buna görə ehtiyat etdik.

– 4 oyunluq qələbəsizlik seriyasını qırdız. Növbəti rəqib “Neftçi”dir. Bu qələbə sizə əlavə motivasiya olacaq?
– Hərə məğlubiyyətimizi bir cür müzakirə edir. Komandanın içindəyik. Heç bir sıxıntımız yoxdur. Komanda olaraq möhkəmik. Hər şey qaydasındadır. Oyun oyundan fərqlidir. Son matçda məğlub olsaq da, komandaya irad bildirə bilməzdik. Sona kimi vuruşmuşdular. Bəzən qələbə qazanırsan, bəzən uduzursan. Avrokubok zonasından qopmamağa çalışacağıq.

– Avrokuboka iddialı iki komanda üz-üzə gəlirdi. Oyunun keyfiyyətindən razı qaldız?
– Futbolçuları da başa düşmək lazımdır. Boş tribunada futbol oynanılmır. Daha çox məşq oyununa oxşayırdı. Azarkeşləri qırıb atmaq futbolun gözəlliyini də azaldır. Qarşıdakı matçlarda bir də belə halın təkrarlanmayacağına ümid edirəm. (Futbolpress.az)

Bənzər xəbərlər