featured-image-17849

Lənətə gəlmiş pasport və ya “şəkərə” gedən yol

“Bir insan şəkər xəstəliyini necə tapa bilər”in əyani nümunəsini noyabrın 27-də yaşadım. Təsəvvür edin, Qətərə uçmaq üçün saat 12:00-da Heydər Əliyev Beynəlxalq Hava limanında olmalıyam. Saat artıq 12-yə qalıb, mən isə hələ də Xırdalandakı evimdə pasportu axtarıram. Hər ehtimala qarşı artıq təşkilatçı şəxslərə sms yazıram ki, (zəng etməyə üzüm gəlmir) başıma belə bir iş gəlib, hazır olsunlar. Saat 12:05-də gözünə döndüyüm pasport dolabla divarın bitişdiyi nöqtədə, heç kimin ağlına gəlməyəcəyi yerdə tapılır. Təbii ki, bundan sonra yalnız taksiyə oturub “qardaş, bacardığın qədər möhkəm sür” sözü ola bilərdi.

ETOPAZ-ın təşkilatçılığı ilə Qətərə səfər edənlər arasında bir qrup jurnalist də vardı. Yaxşı ki, Hava Limanına yetişəndə hələ “Ay qonşu” restoranına təzə oturmuşdular. Həmkarlara və köhnə dostlara pasportla bağlı əhvalatı qısaca nağıl etdikdən sonra “Qatar Airways”ın reysini gözləməyə başladıq.

Öncədən proqramımız bəlli olduğundan bilirdik ki, Doha aeroportundan birbaşa “Sheraton” otelində yerləşən “Nusr-Et” restoranına yollanacağıq. Amma Doha Hava Limanı o qədər böyük idi ki, adam bilmirdi, qarşısına çıxan “Duty Free”lərə baxsın, ya vaxtında avtobusa tərəf gedib çatsın.

Dohada qətərli görmək arzusu 

media-загружено-_1_

Hava Limanından “Nusr-Et”ə kimi yolumuz təxminən 45-50 dəqiqə çəkdi. “Səhrada necə möhtəşəm şəhər qurmaq olar” sualının cavabını irəlilədikcə daha çox görürdük. Hündürmərtəbəli dəbdəbəli binalar, hər tərəfdə müasir otellər və təbii ki, dünya çempionatı həyəcanı. Hündürmərtəbəli binaların üzərindən bizə baxan Neymarın, Messinin, Ronaldonun, Mbappenin böyük rəsmləri mundialı təşkil edən ölkədə olduğumuzu göstərirdi. Avtobus hansı yolla gedirdisə, orada dünya çempionatının bir nişanəsinə rast gəlmək mümkün idi. Amma bir məsələ də var… Dohanın əhalisi 1 milyondan bir az çox olsa da, küçələrdə insanlara rast gəlmək mümkün deyildi. İş yerlərində də ancaq miqrantlar adamın qarşısına çıxırdı.

“Nusr-Et”də ət şousu.. O əjdahadan orda var, burda niyə yoxdur? 

“Nusr-Et” restoranında isə fərqli mənzərə ilə üzləşdik: rezervasiyamız öncədən olduğundan rahat keçib yerimizdə oturduq. Ayaq üstə isə onlarla insan növbəyə durub gözləyirdilər ki, yerlər boşalsın və onlar da məşhur “Nüsrətin ətindən” dada bilsinlər. Əsl qurmanlar and içə bilər ki, Beyləqan, Ağcabədi, Bərdə quzusu heç də “Nusr-Et”in kabablarından geri qalmır. Amma təqdimetmə, ətin süfrəyə gətirilməsi, sifarişi verən kimi ofisiantın “həmən” deməsi bizi Beyləqan, Ağcabədi xəyallarından ayırırdı. Ümumiyyətlə, təşkilatçılar hər işi ən yüksək səviyyədə görməyə çalışmışdılar. Dohanın ən yaxşı restoranlarından birinə nahar yeməyinin salınması, dünya çempionatının ən maraqlı oyununa VİP biletlərin verilməsi – bütün bunlar diqqətin yüksək göstəricisi idi.

“Sheraton”da olarkən uelsli azarkeşlər üçün açıq havada xüsusi tədbir təşkil olunmuşdu, qonaq isə “Liverpul” əfsanəsi Yan Raş idi. İndi daha çox müxtəlif televiziyalarda ekspert kimi görünən 5 qat İngiltərə çempionuna təəssüf ki, məşğul olduğu üçün yaxın düşə bilmədik.

“Nusr-Et” niyə belə populyardır? Çünki restoranı işlədən adam artıq dünyaca məşhur olsa da, istənilən şəxsin şəkil çəkdirmək xahişinə “yox” demir, özü bəzən masalara yaxınlaşır və hər kəsin bildiyi texnikasını göstərir.

Böyük çadır mağarda super stadion 

media-Al-Bayt-Stadium-2

Almaniya – İspaniya oyunun keçirildiyi “Əl Beyt” stadionu uzaqdan böyük çadır mağarı xatırladır. Elə bilirsən ki, böyük “palatka toyuna” gedirsən. Lakin bu ilk təəssüratdır… Stadionun işıqlandırması əladır. Bundan başqa ən hündür nöqtədən belə meydan ovcunun içi kimi görünür.

Dohadan 50 km aralıda Əl Xor şəhərində tikilmiş 68 895 tamaşaçı tutumuna malik arena 30 noyabr 2021-ci ildə təhvil verilib. Qeyd edək ki, mundialdan sonra stadionun azarkeş tutumu 32 minə salınacaq. Bu, dünya çempionatlarını qəbul edən idman qurğuları içərisində “Lusail”dən sonra ikinci böyük arenadır. “Əl Beyt”in ətrafında və daxilində mundial ab-havası, şou yaratmaq üçün təşkilatçılar əllərindən gələni etmişdilər. Stadionun tavanı isə sanki xaçla ilə bəzədilmişdi. Hətta dostlarımızdan biri bu “xalçanı” məşhur Ləmbəli xalçalarına oxşatdı.

media-FHTU3uQvdsqgvai7AD4t8M

“Stadionda spirtli içkilər var idimi” sualı yəqin sizin üçün də maraqldıır? Bizə təqdim olunan biletə əsasən stadionda xüsusi ayrılmış yerdə yemək və spirtli içkilərin də dadına baxmaq mümkün idi. Düzü, tribunalarda spirtli içkən gözümə dəymədi.

“Əl Beyt”ə yenicə daxil olurduq ki, Niderland millisinin və “Barselona”nın sabiq hücumçusu Patrik Klüvert də matçı izləmək üçün stadiona gəldi. Ümumiyyətlə, Almaniya- İspaniya oyununda Karles Puyol, David Vilya kimi ötənlərin məşhur simaları da var idi.

Ruhlar çempionatı 

“The Guardian”ın 2021-ci ildəki araşdırmasına görə, Qətərdə müxtəlif stadionların tikintisi zamanı Banqladeş, Nepal, Hindistan, Pakistan, Şri-Lanka kimi ölkələrdən 6500-dən çox miqrant vəfat edib. Bu rəqəmlərin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını demək çətindir, amma yazılanları yada salanda stadionda adamın içindən bir soyuq gizilti keçir. Hərdən elə bilirsən ki, həmin fəhlələrin ruhu kənardan baxıb “biz buna görəmi burda öldük sualını” verirlər.

media-fbe851ac-ae11-44f0-bd77-7b0f6c05ac8e

Almaniya – İspaniya oyunundan çox da yazmayacam, baxdınız, izlədiniz, hər şeyi gördünüz. Avropa Liqasının 2021-2022-ci illər mövsümünün “Ayntraxt” – “Qlazqo” finalını izləyən biri kimi deyim ki, Qətərdə o ab-havanı görmədim. Səhərə kimi Sevilya küçələrində səs-küy salan alman, şotland azarkeşlər.  Günəşin çıxmasını küçədə qarşılayan fanatlar, bir sözlə finalın adına layiq hər şey. Qətərdə isə sanki hər şey ütülənib, hər şey səliqəlidir. Bu səliqənin, ütünün altında isə…nələr var…

Təxminən bir sutka davam edən Qətər səfərində gördüklərimiz bu qədər..

ELNUR MƏMMƏDLİ 

media-WhatsApp Image 2022-11-28 at 13.43.11

 

media-80c54f3a-7c34-4c6e-8b08-43b5dd32914b

Bənzər xəbərlər