"Vəziyyətimiz onsuz da çətin idi, indi lap çətinləşdi" - Rəşad Sadıqov - VİDEO
Azərbaycan Premyer Liqasının XXXIV turunun “Zirə” – “Kəpəz” oyunundan (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:
-Hər iki komanda sürətli oyun oynayıb, yaxşı mübarizə aparmağa çalışırdı. Qələbəyə köklənmişdik və qələbə qazanmaq istəyirdik. Amma alınmadı, həyata keçirə bilmədik. Planlaşdırmadığımız şəkildə növbəti 2 xal itirdik. Buna görə məyusuq.
-Qələbə üçün nə çatmadı?
-Qələbə üçün hücumda daha dəqiq, müdafiədə daha diqqətli oynamaq lazım idi. Qapı dirəyindən qayıdan zərbəmiz, vurduğumuz qolun ələ toxunması. Bütün həftə ərzində əsas təhlil etdiyim rəqibin standart vəziyyətlərdən vurduğu qollar idi. Səhv etmirəmsə 4 və ya 5 qolları var. Bununla bağlı çox danışmışdıq. Hətta oyundan əvvəl də “Turan Tovuz”a buraxdığımız qolu göstərib, təhlil etdik. Bilirdik ki, rəqib bu məqamlarda təhlükəlidir. Amma təəssüflər olsun ki, futbolçular bu məsələdə tapşırığımı diqqətə almayıb və belə boşluq yaratdılar. İlk hissənin sonunda qol buraxmağımız qələbəmizə mane oldu.
– Vladislav Kulaçın zədələnməsi planlarınızı pozdu?
-Təbii ki. Əgər hücumda olan əsas qol silahın zədələnib, meydanı tərk edirsə, bu, böyük itkidir. Həm psxiloji, həm də oyun keyfiyyəti baxımından. Onun kimi təcrübəli oyunçu gəldi, zədələndi. İndi də mövsümün sonunda yenə zədələndi. Ümumiyyətlə, hər dəfə “Kəpəz”lə keçirdiyimiz bütün oyunlarda bir hadisə baş verir.
-Sona iki tur qalıb və Avrokuboklara getmək ehtimalınız daha da azalır. “Zirə” vəsiqə qazanmasa, bu, sizin üçün nə demək olacaq?
-Əlbəttə, çox məyusedicidir. Biz bu məsələni müzakirə etmişik və nəzərə almışıq ki, Avrokuboklara getməyimiz alınmaya bilər. Müəyyən xal itkilərindən sonra zatən durumumuz çətin idi. Amma yenə də sona qədər mübarizə aparmağa çalışırıq. Bu gün “Kəpəz”i məğlub edib, növbəti turda qarşılaşacağımız rəqibi basqı altında saxlamaq olardı. Amma bu oyunda xal itiririksə, qələbə qazana bilmiriksə, bu rəqibə üstünlük verir. Vəziyyətimiz onsuzda çətin idi, indi lap çətinləşdi. (Futbolpress.az)