Yeni planlar müzakirə olundu, federasiya prezidenti konkret tapşırıqlar verdi
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev idman direktoru, macar mütəxəssis İvan Petrov, baş katib Fəxri Həsənov, onun müavini Tamerlan Abdullazadə, icraçı direktor Kamran Hüseynov, milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov birgə ölkəmizdə su idman növlərinin, o cümlədən də üzgüçülüyün inkişaf konsepsiyasını müzakirə ediblər.
Msport.az xəbər verir ki, federasiyanın prezidenti son illər üzgüçülüyün Azərbaycanda inkişaf etdiyini, bu idman növünə uşaq və gənclərin marağının xeyli artdığını vurğulayıb. X. Fətiyev qeyd edib ki, bu gün üzgüçülük üzrə milli komandamızın yerli idmançılardan təşkil olunması və onların beynəlxalq yarışlarda yüksək yerlər uğrunda mübarizə aparmaları, vətənimizə medallarla qayıtmaları artıq ondan xəbər verir ki, federasiya işini yüksələn xətt üzrə qurub.
“Bu gün Azərbaycanın bütün bölgələrində üzgüçülüklə aktiv məşğul olan yeniyetmələrimiz var. Gənclər və İdman Nazirliyi də bu idman növünə marağın və kütləviliyin artırılması istiqamətində federasiya ilə birgə müxtəlif yarışlar təşkil edir. Atılan addımlar üzgüçülüyün inkişafında müsbət tendesiyanın formalaşmasına imkan verib”, – deyə X. Fətiyev əlavə edib.
Macar mütəxəssis İvan Petrovun federasiyaya idman direktoru təyin olunduqdan sonra görülən işləri və onun fəaliyyətini müsbət qiymətləndirən Xanlar Fətiyev bundan sonra daha peşəkar yanaşma olmasını, həm idmançıların, həm də məşqçilərin kvalifikasiyalarının artırılmasında daha böyük səylə çalışmaq lazım olduğunu vurğuladı. Federasiya prezidenti gənc, qabiliyyətli və bacarıqlı idmançıların kəşf edilməsində, onların yerlərdə, eləcə də regionlarda araşdırılaraq müəyyən edilməsində, milli komandanın tərkibinin peşəkar idmançılardan formalaşdırılmasında işlərin daha da gücləndirilməsi tapşırığını verən X. Fətiyev yaxın illərdə su idman növlərinə marağın artırılması konsepsiyası üzərində işlərin artırılması tapşırığını verdi.