Yunanov "Səbail"lə danışıq aparır: "Şamaxı"nı Premyer Liqada saxlayacaqlar"
“Şamaxı”nın futbolçusu Amil Yunanovun Msport.az saytına müsahibəsi
– “Şamaxı” ilə müqaviləniz başa çatdı. Yəqin ki, bu komandada qalmayacaqsınız…
– Komandadan tam ayrıldığımı söyləmək olmaz. Yenə də əlaqədəyik. Yaxın günlərdə bütün suallara aydınlıq gələcək.
– Yayılan məlumatlara inansaq, “Səbail”ə qayıtmaq variantınız var. Danışıqlar nə yerdədir?
– Bəli, həqiqətən belə bir şey var. Amma hələ heç nə dəqiqləşməyib. Danışıqlar davam edir. Görək, necə olacaq. Yəqin ki, yaxın 5-10 gündə kayeramı hansı klubda davam etdirəcəyim bilinəcək.
– Başqa təklifləriniz var?
– Bir-iki variant var. Hələlik götür-qoy edirəm. Dediyim kimi, yaxın günlərdə hər şey bəlli olacaq.
– Necə düşünürsünüz, “Şamaxı” niyə Premyer Liqadakı yerini qoruya bilmədi? Səbəb nə oldu?
– Komanda olaraq çox çalışdıq, əlimizdən gələni etdik. Çox heyif ki, alınmadı. Halbuki yaxşı komandamız var idi. Yenə də təcrübəsizlik öz sözünü dedi.
– Sizcə, “Şamaxı”nın I diviziona düşməsi rəsmiləşsə, komanda dağılmayacaq?
– Açığı, inanıram ki, “Şamaxı”nı Premyer Liqada saxlayacaqlar. Gənclərdə yığılmış komandadır. Məncə, ötən mövsüm çempionatda adından çox söz etdirdi.
– “Şamaxı”nı elitada saxlasalar, siz də bu komandada qalacaqsınız?
– Hələ bilmirəm. Görək, hadisələr necə cərəyan edəcək. Bayaq da qeyd etdiyim kimi, 1-2 variant var. Hazırkı klubumla da danışıq olacaq.







