“Yuventus”da yeni hücumçu
Futbol üzrə Polşa millisinin hücumçusu Arkadiuş Milik Fransanın “Olimpik” (Marsel) klubundan ayrılıb.
Msport.az xəbər verir ki, 28 yaşlı futbolçu İtaliyanın “Yuventus” klubuna keçib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Turin təmsilçisi hücumçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Milikin icarəsi “Yuventus”a 800 min avroya başa gəlib. İtaliya nəhəngi futbolçunun birdəfəlik transferi üçün daha 7 milyon avro ödəməlidirlər. Marsel “Olimpik”inin bonuslarla əlavə 2 milyon avro qazanması da mümkündür.
Milik Marsel “Olimpik”inə 2021-ci ilin yanvarında “Napoli”dən gəlib. O, Fransa klubunda 55 oyunda 30 qol vurub. Polşalı oyunçu daha öncə “Qurnik”, “Bayer”, “Auqsburq” və “Ayaks” kimi klubların da formasını geyinib. O, Polşa yığmasında 62 oyuna çıxıb, 16 qola imza atıb.