“Zenit”in legioneri “Neftçi” ilə oyun üçün azarkeşlərdən dəstək istəyib
“Zenit”in braziliyalı futbolçusu Duqlas Santos Sankt-Peterburqda təşkil olunacaq “PARI Premyer” turnirinin “Neftçi” ilə açılış oyunu üçün azarkeşlərdən dəstək istəyib.
Msport.az “Match TV”yə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi fanatları həmin matça səsləyib. Duqlas bunun yeni mövsümə yüksək əhval-ruhiyyədə hazırlaşmaq baxımından önəmli olduğunu deyib:
“Bu turnir mövsümöncəsi çox vacibdir. Yoxlama görüşü xarakterli olsa da, təcrübəli və güclü rəqiblərlə qarşılaşmaq növbəti çempionat ərəfəsində səviyyəmizi qiymətləndirmək üçün yaxşı fürsətdir. İyulun ilk günündə keçirəcəyimiz birinci oyundan başlayaraq azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. Bu, bizim yeni mövsümə daha yüksək əhvali-ruhiyyədə hazırlaşmağımıza təkan verəcək”.
Qeyd edək ki, “PARI Premyer” turnirinin ilk oyunu iyulun 1-də “Zenit”lə “Neftçi” arasında keçiriləcək. Azərbaycan klubu ayın 8-də Serbiya “Srvena Zvezda”sı, 15-də isə Türkiyə “Fənərbağça”sı ilə üz-üzə gələcək.







