featured-image-28738

Cərimə zərbəsini dəqiq yerinə yetirib “Turan Tovuz”un müdafiəsini yaran və sonda komandasının finala yüksəlməsində önəmli rol oynayan Emin Mahmudovun “Neftçi”dəki gələcəyi hələdə də qaranlıq qalır.

Kapitan yarımfinal matçından sonra jurnalistlərə verdiyi açıqlamada mövsümün sonunu gözləməyi məsləhət görüb. O, həm gedə, həm də qala biləcəyini bildirib.

Msport.az-ın əldə etdiyi məlumata görə, millimizin üzvünü “Sumqayıt”ın prezidenti (eyni zamanda menecer kimi fəaliyyət göstərir) Riad Rəfiyev xaricə aparmaq istəyir. 31 yaşlı futbolçuya Türkiyə I liqasının maddi imkanları yaxşı olan klublarından biri dəvət göndərib. Vaxtilə Mahmudovun millimizi seçməsində, həmçinin “Boavişta”ya yollanmasında rolu olmuş Rəfiyev indi də onu Türkiyəyə apara bilər.

Belə olan halda təbii ki, yarımmüdafiəçi qiymətini qaldırır və “Neftçi”dən daha yüksək əməkhaqqı tələb edir. Əslində paytaxt klubunun rəsmiləri də Mahmudova kimin “yol göstərdiyini” yaxşı bilirlər və bu məsələdə “Sumqayıt”ın rəhbərinə bir az əsəbidirlər. Lakin onlar da ümid edir ki, yarımmüdafiəçi sonda yeni müqaviləyə imza atacaq.

Emin bu mövsüm Azərbaycan Premyer Liqasında 31 oyunda 15 qol vurub. Bundan başqa o, kubokda da iki dəfə fərqlənib.

AYXAN

Bənzər xəbərlər