featured-image-26095

5 oyunluq qələbə seriyasının Linzdə qırılacağını artıq 28-ci dəqiqədə təxmin etmək olardı. Hər nə qədər millimizin ilk dəqiqələrdə yaxşı oynadığını iddia etsələr də, buna yaxşı yox, normal demək daha məntiqə uyğun sayılar. Çünki Avstriyanın ilk qoluna qədər yığmamız Lindnerin qapısı qarşısında ciddi təhlükə yarada bilməmişdi. Sadəcə ötürmələr alınırdı, topu bir az saxlamaq olurdu. Avstriya qarşısında bu yetərlidirmi? Təbii ki, yox.

Oturub-durub 5 oyunluq qələbə seriyasını gözə soxanda qəbul etmək istəmirdilər ki, Qazaxıstan Bakıya Millətlər Liqasında 1-ci yeri təmin edib gəlmişdi, Slovakiya isə qrupda birinci olmayacağını görüb motivasiyasız oynayırdı.  Canni De Byazinin işinə real qiyməti məhz Avropa çempionatının seçmə mərhələsində vermək mümkün idi. İtaliyalı məşqçi elə ilk sınaqdaca “kəsildi”.

Üç ildir Azərbaycan yığmasının sükanı arxasında olan De Byazi hələ də primitiv səhvlərə yol verir. “Sabah”da son 3 matçda oynamayan Bəxtiyar Həsənəlizadə birdən-birə start heyətində meydana çıxır. O, sonuncu dəfə düz bir ay əvvəl – fevralın 25-də “Şamaxı” ilə görüşdə (1:2) çıxış etmişdi. Yəqin ki, yadınızdadır, həmin matçda Amil Yunanovun fərqləndiyi epizodda Bəxtiyar kobud səhvlə yadda qalmışdı. Axı bütün bunlar De Byazinin gözü qarşısında baş verir, o, Berti Foqts kimi Almaniyadan millini idarə eləmir, bütün günü stadionları gəzir. Bəs necə belə şeyə fikir verməmək olar?

De Byazinin matçdan sonra səsləndirdiyi fikir onun işinin peşəkarı olması ilə bağlı şübhələr yaradır: “Matçdan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyukla bağlı şübhəmiz var idi. Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik”. Necə bir ay oynamayan futbolçunun hazır olduğunu düşünəsən? Cənubi Koreyadan gələni isə məsafə uzaq olduğu üçün ehtiyatda saxlayasan. Halbuki Krivotsyuk son matçların hamısında forma geyinib.

Millətlər Liqasındakı gərəksiz qələbələrdən sonra tez-bazar De Byazi ilə yeni müqavilə bağlamağın sonu elə-belə də olmalı idi. Demirəm ki, başqa məşqçi gəlib millimizi qitə çempionatının final mərhələsinə çıxaracaq. Aydın məsələdir ki, Azərbaycan yığması o potensiala malik deyil. Lakin uduzanda da daha abırlı, uduzmaq olar. Ən azı başqa məşqçi De Byazi kimi start heyətində o cür səhvə yol verməzdi. 5 oyunluq seriya isə boş balon idi ki, bunu dünən gördük.

Avstriyalılar daha dəqiq oynasaydılar, hesab bizim üçün bundan da faciəvi ola bilərdi. Statistikaya baxsaq, meydan sahiblərinin 25 zərbəsindən 12-i çərçivəyə gedib. Bizim isə qapıya istiqamətlənən vur-tut 3 zərbəmiz var.

İlk oyunda Belçikaya böyük hesabla uduzan İsveç yeddi başlı əjdaha kimi ağzını açıb bizi gözləyir. İlk matçdakı məğlubiyyətin hirsini çıxmağa adam axtarırlar. Qorxuram ki, Stokholmda hesab daha pis olsun. Gözləyək görək, 27-i  De Byazi bizə daha hansı “sürprizlər” yaşadır. Bu dəfə “Qarabağ”da ehtiyatda qalan Toral Bayramov, “Şamaxı”da elə də seçilməyən Cəlal Hüseynov və ya “Zirə”də möhkəmlənə bilməyən Rüstəm Əhmədzadəni start heyərində görsəm, təəccüblənmərəm.

AYXAN 

Bənzər xəbərlər