featured-image-28834

“Səbail”in müdafiəçisi Adil Nağıyevin Msport.az saytına müsahibəsi

– Kubokun yarımfinal mərhələsinin cavab oyununda evdə “Qəbələ”yə uduzaraq mübarizəni dayandırdınız. Finala çıxmaq üçün nə çatmadı?
– Matça yaxşı başlamışdıq. İlk hissə normal çıxış etdik. İkinci yarının startında qırmızı vərəqə və penalti hər şeyi dəyişdi. İstəkli idik, amma alınmadı. Qismət belə imiş.

– Sizcə, hesab ədalətli oldu?
– İlk hissədəki oyunu götürsək, mərhələni keçməyə biz layiq idik. Amma fasilədən sonra oyunumuz alınmadı. Azlıqda qalmaq bizi çətinə saldı.

– Hakim 3 futbolçunuza qırmızı vərəqə göstərdi. İdarəçilik barədə nə deyə bilərsiniz?
– Ümumi idarəçilik normal idi. Amma bəzi epizodlar zamanı yanlış qərarlar verirdi.

– Qırmızı vərəqə aldığınız epizodu necə dəyərləndirərdiniz?
– Haqlı qərar idi. Sadəcə, emosiyalar çox olduğundan gərginlik hökm sürürdü. Belə olmamalıydı. Nə edim, özümdən çıxmışdım. Finala çıxa bilməmək mənə çox pis təsir etmişdi.

– Şahin Diniyev də oyundan sonra hərəkətinizi bəyənmədiyini söylədi…
– Baş məşqçi mənə öz iradlarını bildirdi. Bundan nəticə çıxaracağam. Bir daha belə halların baş verməməsi üçün özümü təmkinli saxlamağa çalışacağam.

– “Səbail” ümidini kuboka bağlamışdı, o da əldən çıxdı…
– Artıq Premyer Liqada qalmaq üçün mübarizə aparacağıq. Başqa şansımız yoxdur.

– Turnir cədvəlində sonuncusunuz. Bu məğlubiyyət qarşıdakı matçlara necə təsir edəcək?
– Əlbəttə, psixoloji baxımdan çətin durumdayıq. Nəticələr ürəkaçan deyil. Bu durumdan çıxmağa çalışacağıq.

CAHİD

Bənzər xəbərlər