Adiyevin sağ əli De Byazinin başına
Azərbaycan futbolunun başı dünən “Qalatasaray”ın gəlişinə və Canni De Byazinin İsveçlə oyundan öncə dediklərinə qarışdığı vaxtda Qazaxıstan öz meydanında Danimarkanı məğlub etdi. Özü də 0:2 hesabı ilə uduzduqları matçı çevirib. 3:2 qələbə qazana bildilər.
Avstriya səfərində 2 top buraxdıqdan sonra paramparça olan yığmamıza Qazaxıstan əzmkarlıq necə olur dərsini keçdi. Həmin Qazaxıstana ki, sentyabrda millimiz onların qapısından 3 cavabsız top keçirmiş və bəh-bəhlə De Byaziyə yeni müqavilə təklif olunmuşdu. Halbuki bir balaca məlumatı olan adam da bilirdi ki, orta asiyalılar qrupda 1-ci yeri təmin ediblər və Bakıdakı görüş formal xarakter daşıyır. Qazaxıstan Danimarka üzərində qələbə qazanmaqla həm də sübut etmiş oldu ki, Millətlər Liqasındakı uğur təsadüfi deyil. Maqomed Adiyevin komandası bundan əvvəl Sloveniya ilə görüşdə də məğlubiyyətə layiq deyildi. Meydan sahibləri 1:0 önə keçsələr də, sloveniyalılar sonradan 2 qol vura bildilər.
Üç ildir Azərbaycanda işləyən De Byazidən fərqli olaraq, Adiyev 1 ildir Qazaxıstan komandasına rəhbərlik edir. Amma görülən işlər göz qabağındadır. Millətlər Liqasında qrupda 1-ci yer, indi isə Danimarka kimi rəqib üzərində əzmkar qələbə. Qazaxların heyəti də bizdən o qədər də fərqlənmir. Komandada 2 əsas legioner var – onlardan biri “Zenit”də heyətə düşməyən Nuralı Alip, digəri isə ÇSKA-da nadir hallarda oynayan Bəxtiyor Zaynutdinovdur. Deməli, məsələ heç də futbolçuların ustalıq səviyyəsində, çıxış etdikləri klublarda deyil. Adiyev göstərir ki, düzgün işləməklə, xarakterlə qısa vaxt ərzində də komanda yaratmaq mümkündür.
3 ildir baş məşqçi ola-ola, start heyətini düzgün qura bilməyən De Byazidən fərqli, rusiyalı mütəxəssis dəmir intizam hesabına nəticələr əldə edir. Sağ əli De Byazinin başına. Bu gün onun üçün bundan yaxşı xeyir-dua ola bilməz.
AYXAN







