"Arxayınlıq ola bilməz, çünki böyük bir iş görməmişik"
“Rəqibi analiz etmişdik. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. İki dəfə önə keçsək də, sonda məğlub olduq. Hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. Rəqib əlinə düşən imkanlardan maksimum istifadə etdi”.
Bunu Msport.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev deyib. Evdə “Sumqayıt”a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu şərh edən müdafiəçi qonaqların da onları yaxşı analiz etdiyini bildirib:
“Rəqiblər də çalışır ki, bizim üstün tərəflərimizi bağlasınlar. Bəzən elə oyun olur ki, bir qol hər şeyi həll edir. Amma qələbə əldən gedəndə ən azı xal qazanmağa çalışırıq. İnşallah, qarşıdkaı matçlarda qalib gələrik”.
O, komandada arxayınlıq olmadığını söyləyib: “Çünki biz böyük bir iş görməmişik. 6-cı yerdəyik, amma rəqiblərlə aramızda fərq azdır. Düşünmürəm ki, hansısa arxayınlıq olsun”.
Əliyev yığmaların oyunları ilə bağlı yaranmış fasilənin komandaya mənfi təsir etmədiyini düşünür: “Çünki fasilədə həm zədəlilərin sağalması, həm də çatı.mayan cəhətlərimizin üzərində işləmək üçün kifayət qədər vaxtımız olur”.
Futbolçu növbəti turda “Şamaxı” ilə keçirəcəkləri ev oyununa da toxunub: “Rəqibin yaxşı futbol sərgilədiyini bilirik. Onlara da, bizə də xal lazımdır. Çox ağır oyun olacaq. Qələbə qazanıb mövqeyimizi qorumağa çalışacağıq”.
CAHİD







