Harri Keynin La Liqada oynamaq arzusu
“Bavariya”nın futbolçusu Harri Keyn karyerası ərzində İspaniyada oynamaq imkanının yaranmadığını, lakin La Liqada çıxış etməyin onun üçün maraqlı təcrübə ola biləcəyini etiraf edib.
Msport.az xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu uşaqlıq illərində İspaniya millisinin uğurlarını, həmçinin Lionel Messi ilə Kriştiano Ronaldonun La Liqadakı rəqabətini böyük maraqla izlədiyini bildirib.
İngiltərəli futbolçu La Liqada çıxış etmək istəyinin olub-olmaması barədə suala da cavab verib: “Əslində, belə fürsətim heç vaxt olmayıb. Uzun müddət “Tottenhem”də oynadım və orada xoşbəxt idim. “Bavariya”ya keçmək imkanı yarananda isə dərhal bu addımı atmaq istədim. Əgər münasib vaxtda mənim üçün uyğun təklif olsaydı, İspaniyada oynamaq, La Liqada bu futbolçularla rəqabət aparmaq möhtəşəm olardı”.







