featured-image-28700

“Çox ağır oyun olacaq. Çünki “Neftçi”nin titul qazanmaq üçün ən yaxşı şansı kuboku götürməkdir”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un sabiq futbolçusu Əfran İsmayılov deyib.

Veteran yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçmiş komandasının səfərdə “Neftçi” ilə keçirəcəyi cavab oyunu barədə fikirlərini bölüşüb. O bildirib ki, Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov finala çıxmağı, finalçı olmağı xoşlayır:

“Yaddan çıxarmayaq ki, o, “Sumqayıt”la da finala çıxmışdı. İnanıram ki, çox maraqlı və gərgin oyun alınacaq. Meydan sahibləri matça təzyiqlə başlayacaq. Buna dözmək lazımdır. “Turan Tovuz” 60-70 dəqiqə hesabı qorusa, turu keçən tərəf məhz qonaqlar olacaq. Kim güclüdürsə, o da qalib gəlsin”.

İsmayılov bugünkü görüşdə “Turan Tovuz”a azarkeşlik edəcəyini söyləyib: “Çünki həm Ayxan Abbasovla, həm Tovuz futbolu ilə bağlı yaxşı xatirələrim var. Gəncliyim “Turan”da keçib. Bu komanda karyerama böyük təkan verib. Abbasovla “Sumqayıt”da birlikdə işləmişik, qardaşıq. Üstümdə böyük əziyyəti var. Həm ona, həm də bölgə futbolunun inkişafına görə qonaqlara azarkeşlik edəcəyəm. İnanıram ki, qalib gələn tərəf də məhz onlar olacaq”.

“Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Tovuzdakı ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Əfran İsmayılov 2009-cu ildə “Turan Tovuz”un formasını geyinib.

Bənzər xəbərlər