featured-image-20195

“Toplanışın bəhrəsini çempionatda görəcəyik”.

Msport.az-ın məlumatına görə, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Rumıniyanın “Petrolul” klubuna 2:3 hesabı ilə uduzduqları yoxlama matçından sonra Peşəkar Futbol Liqasının rəsmi yutub kanalına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsindəki hazırlıq önəmlidir: “Futbolçular istirahətdən sonra ideal formalarından uzaq olurlar. Bura gəlməyimizin səbəblərindən biri ağır məşqlər fonunda oyunlar keçirməkdir. Bu zaman futbolçuların düşüncələri, qərarları vacibdir. Buradakı oyunların nəticəsi bizim üçün o qədər önəmli deyil. Bununla belə, hər matça qalib gəlmək üçün çıxırıq. Bu gün oyunçularımız gümrah olmasalar da, bütün mübarizələrdə qalib gəlməyə çalışırdılar. Hər şey istədiyimiz kimi gedir. Bundan sonra daha 2 yoxlama matçımız olacaq. Bütün futbolçulara şans verməyə çalışacağıq. Onları iş başında görmək istəyirik ki, çempionatda düşdüyümüz vəziyyətə uyğun qərarlar verək. Komandam yaxşı çıxış etdi, qol epizodlarımız oldu. Səhvlərimiz də var idi. Qarşıdakı görüşlərdə daha diqqətli olmalıyıq. Yanvarın 18-dək buradayıq. Çalışacağıq ki, bütün futbolçular ideal formalarına qayıtsınlar”.

O, heyətlə bağlı problemlər olduğunu söyləyib: “Cavid Tağıyev xəstələnmişdi. Natan Oduva, Henri Okebuqvu və Runi Eva komandaya bu gün qoşulub. Onları gələn oyun sınaqdan keçirəcəyik. Cavidin oynamaması hücum xəttində bizə çətinlik yaşatdı. Demək olar ki, alternativi yox idi. Məcburiyyətdən Ehtiram Şahverdiyevi həmin mövqedə yoxladıq. Yoxlama oyunları müxtəlif rotasiyalar etməyə imkan verir. ”

Yeni transfer Denis Marandiçin ilk oyununda fərqlənməsinə də toxunan baş məşqçi moldovalı müdafiəçinin komandaya tez uyğunlaşdığını vurğulayıb: “Azarkeşlərimiz də transfer gözləyirdi. Rəhbərliklə birlikdə düzgün qərar verməyə çalışırıq və büdcəmizə uyğun hərəkət edirik. Belə bir imkan düşdü və Marandiçi heyətimizə qatdıq. Onu ötən ilin yayından izləyirəm. Moldova yığmasının üzvüdür. Yayda “Turan Tovuz”a keçidi alınmadı, Bosniya və Herseqovina klubuna transfer olundu. Lakin orada az şans əldə etdi. Bacarığına bələdəm. Düzdür, tam hazır deyil. amma sevindirici haldır ki, Cəmi 1 məşdən sonra ilk oyunundaca qol vurdu. Hər şeydən öncə komandaya uyğunlaşması xoşumuza gəldi. Yəqin ki, bu, onun üçün böyük motivasiya olar. Əlbəttə, əsas iş qabaqdadır. İnanıram ki, bizə köməyi dəyəcək və rəqabət aparacaq”.

Abbasov hücum xəttinə yeni oyunçu transfer etmək istədiklərini əlavə edib: “Çünki orada ehtiyat qüvvəmiz yoxdur. Alınmasa belə, komandamızı bu heyətlə mübarizə aparmağa kökləyəcəyik”.

Bənzər xəbərlər