Azərbaycanda 8 yeni voleybol klubu yaradıldı
Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə heyətinin geniş iclası keçirilib.
Federasiyadan Msport.az-a verilən məlumata görə, tədbirdə əvvəlcə AVF-nin prezidenti Şahin Bağırov müzakirəyə çıxarılacaq məsələləri diqqətə çatdırıb.
Sonra baş katib Faiq Orucov gündəlikdə duran birinci məsələ ilə bağlı ətraflı məlumat verib. Baş katib bildirib ki, bölgələrdə voleybolun inkişafı, aşağı yaş qruplarının yaradılması, gənc qız və oğlanların sağlam həyat tərzinin təmin olunması məqsədilə 8 Regional Voleybol Klubları (RVK) yaradılıb. Bu gün yüzlərlə yeniyetmənin paytaxtda və bölgələrdə voleybolla məşğul olduğunu, onların gələcəkdə klublarda çıxış etməsi və milli komandalara cəlb olunmasının vacibliyini vurğulan F.Orucov bu məqsədlə RVK-lar və Yüksək Liqada çıxış edən klublar arasında müqavilələr imzalanacağını söyləyib. Ardınca bu məsələ ilə bağlı rəsmi sənədlərə imza atılıb.
Beləliklə, “Sumqayıt RVK” (qız), “Şərqi Zəngəzur RVK” (qız) “Abşeron VK”nın, “Bakı RVK” (qız, oğlan), “Oğuz RVK” (qız, oğlan), “Sumqayıt RVK” (oğlan) “Azərreyl”in, “Naxçıvan VF” (oğlan), “Şərqi Zəngəzur RVK” (oğlan), “Tovuz RVK” (qız, oğlan), “Hacıqabul RVK” (qız, oğlan) Murov Az Terminal VK”nın, “Gəncə RVK“ (oğlan) “Neftçi VK”nın, “Naxçıvan VF” (qız) “Milli Aviasiya Akademiyası VK”nın, “Gəncə RVK” (qız) isə “Gəncə VK”nın nəzarətinə verilib.
Tədbirdə bu layihənin həm klub, həm də Region Voleybol Klubları üçün böyük əhəmiyyət kəsb etdiyi, həmçinin uğurlu olacağı qeyd olunub.