featured-image-55800

Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün açılışına həsr olunmuş mərasim keçirilib.

Msport.az xəbər verir ki, tədbirdə əvvəlcə ötən mövsümün hesabatı təqdim olunub. Daha sonra monitorda Azərbaycan basketbolu ilə bağlı videoçarx nümayiş etdirilib.

Gənclər və idman naziri Fərid Qayıbov geridə qalan illər ərzində basketbol idman növündə bir çox işlərin görüldüyünü vurğulayıb: “Komandaların sayı artdıqca, basketbolun səviyyəsi də inkişaf edir. Bölgələrdə klubların çox olması həmin yerlərdə yaşayan insanlarda basketbola olan maraq oyadır”.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev əldə olunan nəticələrə görə qürur duyduğunu diqqətə çatdırıb: “Buna görə idmançılara, məşqçilərə böyük təşəkkür düşür. Zirvəyə birdən-birə qalxmaq olmur. Biz də federasiya olaraq addım-addım irəliləyirik. Ən önəmlisi, uşaq basketbolunu inkişaf etdirməkdir. Bunun üçün xaricdən məşqçilər cəlb olunur. Artıq həm oğlanlardan, həm də qızlardan ibarət aşağı yaş qrupu üzrə milli komandalarımız uğurlar qazanır. Ölkədə basketbolu daha da populyarlaşdırmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümə oktyabrın 18-də keçiriləcək “Neftçi” – “Naxçıvan” oyunu ilə start veriləcək. Ötən ildən fərqli, bu mövsüm liqada 12 komanda – “Sabah”, NTD, “Gəncə”, “Abşeron”, “Sərhədçi”, “Neftçi”, “Quba”, “Şəki”, “Naxçıvan”, “Sumqayıt”, “Lənkəran” və “Ordu” mübarizə aparacaq.

Bənzər xəbərlər