"Azərbaycanla oyunda istənilən təxribatın qarşısı alınacaq"
Stokholmda bu gün İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda istənilən təxribatın qarşısı alınacaq.
Msport.az n məlumatına görə, bunu İsveç Futbol Federasiyasının Təhlükəsizlik Departamentinin rəhbəri Martin Fredman “fotbollskanalen.se” saytına müsahibəsində deyib.
Qurum rəsmisi bildirib ki, “Frends Arena”da hər hansı siyasi aksiyanın təşkilinə imkan verməyəcəklər: “Məndə təqribən üç həftə əvvəl bununla bağlı məlumat var idi. Həm təhlükəsizlik xidmətinin, həm də hüquq-mhüafizə orqanlarının əməkdaşları ilə danışmışıq. Bilet alışlarını yoxlayırıq. Prinsipcə, arena daxilində bu cür hərəkətləri son dərəcə məhdudlaşdırmışıq. Təfərrüata varmağa ehtiyac görmürəm. Oyun vaxtı müəyyən şüarlar səsləndirilə, bu isə gərginliyi artıra bilər. Amma bunun üçün də müəyyən planımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Narahatlıq üçün heç bir əsas yoxdur. Təbii ki, biz hansısa neqativ hadisənin yaşanmasını istəmirik. Amma belə bir şey baş verərsə, dərhal qarşısı alınacaq”.
O, mümkün təxribatla bağlı təhlükəsizlik əməkdaşlarının sayının artırılmayacağını əlavə edib: “Buna ehtiyac görmürük. Çünki hazırkı heyət öz işinin öhdəsindən layiqincə gəlməyə qadirdir”.
Qeyd edək ki, İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.