featured-image-36112

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb.

Klubdan Msport.az saytına verilən məlumata görə, ölkəmizi Çağırış kubokunda təmsil edəcək Bakı təmsilçisi öncə yeni baş məşqçi ilə anlaşıb.

Türkiyəli mütəxəssis Çengiz Akarçeşme ilə aparılan danışıqlar müsbət yekunlaşıb və onunla 1 illik müqavilə imzalanıb. Təcrübəli məşqçinin qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokubokda maksimum nəticə göstərmək hədəfi qoyulub.

Çalışdırıcı “Azərreyl”ə qədər qardaş ölkə klublarının sükanı arxasında olub. O, məşqçilik fəaliyyətinə 27 il əvvəl “Vakıfbank”da başlayıb. 1999-2001-ci illərdə “Qazi Universitet”inə baş məşqçilik edib. Akarçeşme ardınca “İhtisas” klubunda ikinci məşqçi funksiyasını yerinə yetirib. Eyni zamanda, 2001-2005-ci illərdə Türkiyənin U-17 və U-18 yığmasında köməkçi kimi çalışıb. 2006-2007-ci illərdə Türkiyənin əsas komandasında menecer işləyən mütəxəssis 2008-2009-cu illərdə “Qazi Universitet”ə qayıdıb və baş məşqçi olub.

2013/2014 və 2017/2018-ci illər mövsümlərində “Halkbank” meydana “Azərreyl”in yeni baş məşqçisinin rəhbərliyi altında çıxıb. O, 2020-2021-ci illərdə “Şop Kalecik”, növbəti mövsümdə “Edremit Bələdiyyə Altınoluk”u çalışdırıb. 2021-2022-ci illərdə “Mert Qrup Sığorta”nın baş məşqçi olan Akarçeşme son mövsümdə “Adam” voleybol klubuna rəhbərlik edib.

Qeyd edək ki, “Azərreyl” Çağırış Kubokunda Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gələcək. 1/32 final mərhələsinə təsadüf edəcək qarşılaşmalar oktyabrda keçiriləcək.

Bənzər xəbərlər