featured-image-28740

Hüseyn Arif hər dəfə Qazax tərəfə gedəndə Yevlaxı keçəndən sonra maşını saxlatdırıb “salam, Azərbaycan” deyib dərindən nəfəs alırmış. Mərhum şair Gəncəbasarı, Qərb bölgəsini dəlicəsinə sevirmiş.

Dünən biz Bakının ortasında – 8 km qəsəbəsində Tovuzun, Əsrik dərəsinin, Böyükqaışlaqğın, Əlibəylinin, Sofuların, Öysüzlünün havasını hiss elədik. “Xəzər Lənkəran”dan sonra səfər oyununa bu qədər azarkeşin getdiyini xatırlamıram. Özü də tribunalarda Azərbaycan çempionatında adət etdiyimiz orta məktəb yaş limitinə uyğun gələn azarkeşlər kateqoriyası deyildi. Ailəsi, qız övladları ilə stadiona gələnlər, 55-60 yaşlı azarkeşlər…Bir sözlə, ab-hava mükəmməl idi.

***

Gözlənilən baş verdi, “Neftçi” kubokda finala yüksəldi, bir az çətinlik bahasına olsa da. Əslində yarımfinal cütlükləri məlum olanda “ağ-qaralar”ın kuboku qazanmağa əsas namizəd olduğu aşkar görünürdü. Düzdür, dünən “Turan Tovuz” ultramüdafiə futbolu oynadı, hesabı qoruyub saxlamaq üçün futbolun yazılmış və yazılmamış bütün qanunlarına əl atdılar. Amma qonaqların açıq futbol oynasaydılar, ilk 20-30 dəqiqədə qapılarında 2-3 top görməyəcəklərinə kim təminat verirdi? Əminəm ki, onda da hamı Ayxan Abbasovu rəqibi düzgün təhlil etməməkdə, “Neftçi”yə qarşı qapalı oynamamaqda günahlandıracaqdı.

Artıq həftələrdir deyirəm ki, “Turan Tovuz”un bu mövsüm avrokuboklara vəsiqə qazanması doğru olmazdı, azarkeş də hələ bunu istəməməlidir. Tovuz təmsilçisi yaxın 1-2 ildə möhkəmlənməli, klub kimi formalaşmalıdır. Ondan sonra avrokuboklar barədə də düşünmək, başqa hədəflər də qoymaq olar.

Kubokun yarımfinalındakı məğlubiyyət “Turan”ı müxtəlif cəbhələrə bölməli deyil, əksinə bu, yaxşı bir təcrübə olmalıdır. Baş məşqçinin səhvlərindən tutmuş, futbolçuların zəif oyununa kimi ortaya hər cür səbəb çıxarmaq mümkündür. Amma əsl reallıq əlbəttə ki, ustalıq səviyyəsi, “Neftçi”nin daha yaxşı heyətə, səviyyəli legionerlərə malik olmasıdır. Kamal Bayramovun da dediyi kimi 10-15 milyonluq komanda ilə 2-2,5 milyonluq heyəti müqayisə etməyə dəyməz.

“Neftçi”yə gəlincə, əminliklə demək olar ki, bu oyunu da Regekampf yox, futbolçular uddu. Emin Mahmudovun 90+3-cü dəqiqədəki zərbəsi dəqiq alınmasaydı,  hadisələrin necə cərəyan edəcəyini proqnozlaşdırmaq elə də çətin deyildi. Düzdür, buna qədər “ağ-qaralar”ın böyük üstünlüyü vardı, iki dəfə top qapı tirindən qayıtdı. Lakin sonda məhz ustalıq səviyyəsi görüşün taleyini həll etdi.

İndi “Turan Tovuz” üçün əsas məqsəd 6-cı yerdəki mövqeyini qoruyub saxlamaq və gələn mösümün komandasını qurmaq olmalıdır. Stadionda projektor olmayandan sonra, süni örtüklü meydança ilə Avropada nə var axı? Əvvəl bütün bu məsələlər həll olunmalı, ondan sonra avrokuboka vəsiqə özü gəlib çıxacaq.

ELNUR MƏMMƏDLİ  

 

Bənzər xəbərlər