Bayılda Kino Günü və ya oğlum Yadullanın müsibəti bunun yanında yalan oldu
“Səbail”in “Sumqayıt”a böyük hesabla məğlubiyyəti əsl sensasiya sayıla bilər. Yenə “dənizçilər” mövsümdən əvvəl xeyli transferlər etdilər, heyətin gücləndirilməsinə əməlli-başlı pul xərclədilər. Lakin hələ tam komplekləşməyən “Sumqayıt” gəlib Bayılda “Səbail”ə 4 top vura bildi.
Oyunun antiqəhrəmanları Nir Bardea ilə Adil Nağıyev oldu. Adil bir epizodda penaltiyə səbəb oldu, ilk qolda isə Kamran Quliyevlə mübarizəni uduzdu və sonra Rövlan Muradov fərqləndi.
Bardea Adildən də betər oyun çıxartdı. Kamran Quliyevin qol vurduğu epizodu yadınıza salın. “Sumqayıt”ın gənc hücumçusu israilli müdafiəçini elə keçdi ki, heç ruhu da incimədi.
Qonaqların 4-cü qolunda da 27 yaşlı futbolçu kobud səhvlə yadda qaldı. Topu itirən Bardea daha sonra ağsaqqal adamlar kimi ayağa qalxmaqda çətinlik çəkdi və nəticədə Samir Abasovun komandasının əks-hücumu qolla nəticələndi.
Artıq neçə vaxtdır ki, mətbuatda “Səbail”in 8 milyonluq büdcəsi haqqında xəbərlər gedir. Hətta “dənizçilər”in bu mövsüm avrokuboklara vəsiqə uğrunda oynayacağı proqnozlaşdırılırdı. Lakin dünənki matç göstərdi ki, bu cür keyfiyyətsiz legionerlərlə, Şahin Diniyevlə çox da uzağa getmək mümkün deyil.
Maraqlıdır ki, “Səbail”də skaut sistemi var, millimizin sabiq futbolçusu Şəhriyar Rəhimov bu işə nəzarət edir. Görəsən, Rəhimov, klubun digər rəsmiləri, baş məşqçi Bardeanı necə izləyib? Ümumiyyətlə, izləyiblərmi?
Qarşısına ciddi hədəflər qoyan komanda Bardea-Adil Nağıyev mərkəz müdafiəçiləri dueti ilə oynamaz axı.
Maraqldır ki, Bardeanın meneceri bu günlərdə Elxan Məmmədovla fotosunu paylaşmaqla gündəmə gələn Ceyhun Sultanovdur. Deyəsən, “Səbail” legionerləri xüsusi tapşırıqla, “filankəsdən oyunçu götürün” komandası ilə gətirir.
Yeri gəlmişkən. “Səbail” açılış oyununu Azərbaycan Kinosu Gününə həsr etmişdi. Amma hardan biləydilər ki, oğlum Yadullanın müsibəti bunun yanında yalan olacaq.
SAMİR







