featured-image-53543

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının birgə təşkil etdiyi “Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqramı çərçivəsində FIVB-nin təlimatçı-eksperti Athanasios Papageorgiu ölkəmizə səfər edib.

Msport.az xəbər verir ki, sentyabrın 3-dək davam edəcək səfərin əsas məqsədi paytaxtda və bölgələrdə yerləşən voleybol bazaları ilə tanışlıq və yaxın gələcək üçün inkişaf planının hazırlanmasıdır.

Bu məqsədlə A.Papageorgiu və FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşmə Azərbaycan İdman Akademiyasının (AİA) Tədrisin Təşkili üzrə prorektoru Rafail Novruzov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşüblər.

“Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqramı çərçivəsində baş tutan görüşdə MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova da iştirak ediblər. AİA-nın Elmi-tədris laboratoriyasında və Media Mərkəzində olan qonaqlar burada tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Akademiyanın idman zalına da baxış keçirən qonaqlar gələcəkdə burada “İnkişaf Mərkəzi”nin yaradılması üçün lazımi şəraitlə tanış olublar, bununla bağlı müzakirələr aparılıb.

Daha sonra A.Papageorgiu və C.Akarçeşmə voleybol haqqında yazdıqları kitablarını AİA-nın kitabxanasına hədiyyə ediblər.

Qeyd edək ki, DNSS proqramı çərçivəsində Gəncədə və Bakıda voleybol məşqçi-müəllimləri üçün seminarlar da keçiriləcək.

Bənzər xəbərlər