"Biz hələ heç nəyə nail olmamışıq" - MÜSAHİBƏ
“NTD-İndiqo”nun basketbolçusu Qriffin Remmi klubun mətbuat xidmətinin suallarını cavablandırıb.
Msport.az həmin müsahibəni təqdim edir.
– “NTD-İndiqo” kubokda ardıcıl qələbələr qazandı. Hansı oyun ən yaddaqalan oldu?
-Qazanılan qələbələr heç də asan başa gəlmir. Son oyunda “Gəncə”ni məğlub edə bildik. Amma oyun ağır keçdi. Kubokdakı dinamika adi mövsümdən fərqlidir. Bu legioner limiti ilə bağlıdır. Oyun ərzində əvəzetmələr də fərqli olur. Biz komanda oyununu göstəririk və bunun sayəsində qələbələr qazanırıq. Eyni tərzdə davam etmək lazımdır.
– Kubokda 3 yerli oyunçu + 2 legioner limiti var. Sizcə qüvvələr nisbəti nə qədər dəyişdi?
-Gənc basketbolçularımızı meydançada görəndə çox sevinirəm. Liqa matçlarında daha az oyun vaxtı qazanırlar. Komandadakı bütün oyunçular məşqlərdə çox çalışırlar və qələbələrə öz töhfələrini verirlər. Kubok matçlarında nəyə qadir olduqlarını göstərirlər. Ancaq biz hələ heç nəyə nail olmamışıq. Addım-addım irəliləyirik.
– Növbəti matç artıq “Serhədçi”yə qarşı Liqanın 15-ci turu çərçivəsində keçiriləcək. Gözləntilər nədir?
-Bu matç bizim üçün böyük bir çağırışdır. Hər oyun bizim üçün böyük sınaqdır. Qələbələr asan qazanılmır. Matçlara həmişə çox ciddi hazırlaşırıq. “Sərhədçi” yaxşı komandadır. Onların güclü məşqçisi və yaxşı basketbolçuları var. Biz kiqada bir neçə oyunda məğlub olduq. Pley-off oyunları ərəfəsində turnir cədvəlində əlverişli mövqe əldə etmək istəyiriksə, vəziyyəti düzəltmək vacibdir.
– Komanda ikinci dövrənin üç matçında məğlub oldu. Səbəbini nədə görürsən?
-Düşünmürəm ki, problemlərimiz var. Mövsüm kifayət qədər uzundur və bütün komandaların eniş-yoxuşları olur. Mövsüm ərzində daimi mükəmməl qalmaq mümkün deyil. Bəlkə də ilk dövrədən sonra özümüzə çox güvənirdik. Hər dəfə özünüzü rahat hiss etməyə başlayanda uğursuzluq olur. Ac olmalıyıq. Ancaq xüsusi bir şey əldə edə biləcəyimizə inanmalıyıq.
– Rəqiblərin oyunçuları və məşqçiləri açıq şəkildə sənə qarşı xüsusi hazırlaşdıqlarını söyləyirlər. Oynamağa imkan verməməyə çalışırlar. Bunu nə qədər hiss edirsən?
-Bəli, hiss edirəm. İlk dövrədəki matçlarda tez-tez rəqib oyunçularla təkbətək qalırdım. İndi daha belə sərbəstlik olmur. Yanımda mütləq rəqibin ikinci oyunçusu da olur. Əslində bu komanda oyununun dəyərini göstərir. Komanda yoldaşlarıma inanıram. Ancaq eyni zamanda, özüm daha aqressiv oynamalıyam.