featured-image-18664

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni Qətərdə təşkil olunmuş dünya çempionatının yarımfinalında Xorvatiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Xorvatiya yığması DÇ-2018-in finalçısıdır. Rəqibimizin yaxşı komanda olduğunu düşünürəm. Çox çətin oyun olacaq. Xorvatlar çox yaxşı komanda oyunu sərgiləyirlər. Bəlli bir oyun stilləri var və bunu bizimlə oyunda dəyişdirəcəklərini düşünmürəm. İşimizi çətinləşdirəcəklər. Rəqibin ötən mundualdakı ilə indiki durumunu müqayisə etmək fikrim yoxdur, amma yaxşı komanda olduqları şübhəsizdir.

Burada xalqımız üçün oynayırıq. Argentinalı azarkeşlərə minnətdarıq. Onların bura gəlməkdən ötrü çoxlu xərcə düşdüyünü də anlayırıq. Bizdən nə gözlənildiyini bilirik. Meydanda bütün gücümüzü qoyacağıq”.

Skaloni böyük ehtimalla sonuncu dünya çempionatını keçirən Lionel Messi haqqında suala da cavab verib: “Onun mundialdan sonra millidə qalıb-qalmayacağını dəqiq bilmirəm. İstənilən halda onun oyununu izləyərkən keyf almağa davam edib-etməyəcəyimizi zaman göstərəcək. Onun yığmada belə yaxşı oynaması məni təəccübləndirmir. Onu çox yaxşı tanıyıram. Messi həmişə yüksək səviyyədə futbol sərgiləyib. O həmişə oynamaq, qələbə qazanmaq istəyir. Bu da bizi sevindirməyə bilməz”.

Millinin baş məşqçisi Niderlandla oyunda baş verənlərə də münasibət bildirib: “Hər iki komanda oynaması lazım olduğu kimi oynadı. Bəzi oyunlarda belə mübahisələr yaşana bilər. Argentina yığmasının yaxşı bir qalib olmadığına dair yaranmış fikirlərə son qoymalıyıq. Amerika Kubokunu da idman prinsiplərinə sadiq qalmaq şərtilə qazanmışdıq”.

Bənzər xəbərlər