featured-image-26019

Milli komandamız bu gün AÇ-2024-ün seçmə mərhələsində ilk oyuna çıxacaq. Yığmamızın son 5 matçda qələbə qazanması hər nə qədər xoş xəbər olsa da, bizi aldatmamalıdır. Bu həna, o hənadan deyil. Millət Liqasındakı rəqiblərlə Avstriya, İsveçi tərəzinin eyni gözünə qoymaq olmaz. Həm də Canni De Byazinin komandası Qazaxıstan üzərində qələbə qazananda rəqib artıq qrupda 1-ci yeri özünə təmin etmişdi. Slovakiya da birincilik şansını əldən verdiyindən, oyuna motivasiyasız çıxmışdı. Odur ki, italiyalı mütəxəssisin işinə əsl qiyməti məhz AÇ-2024-ün seçmə mərhələsində vermək mümkün olacaq.

Millimiz qitə çempionatının seçmə mərhələsində 8-ci dəfə çıxış edəcək. İndiyə qədər heç vaxt qələbə ilə başlamaq mümkün olmayıb. Komandamız yalnız DÇ-2018-in seçmə mərhələsinə San-Marino üzərində qələbə (1:0) ilə start verib.

Həm Avstriya, həm də Azərbaycanın heyətində ciddi itkilər var. Əsas qapıçı Şahruddin Məhəmmədəliyevin adı zədə səbəbindən heyətə daxil edilməyib. Bu gün Linzdə çərçivənin kimə etibar olunacağı ən çox müzakirə olunan məsələlərdəndir. Heyətdə uğurlu mövsüm keçirən 20 yaşlı Yusif İmanov və təcrübəli Səlahət Ağayevlə Emil Balayev var. “Sabah”ın qapıçısını birdən-birə Avstriya önünə buraxmaq olarmı? Hər halda bu məsələ çox müzakirə olunub və hər iki tərəfin özünəməxsus arqumentləri var.

Mahir Emreli də zədəli olduğu üçün səfərə yollana bilmədi. “Konyaspor”a yeni transfer olunan hücumçu hər iki oyunda start heyətində meydana çıxıb. Düzdür, həmyerlimiz hələ ki məhsuldar hərəkətlə yadda qalmayıb. Həm də Emreli millimizin son 5 görüşündə ilk onbirlikdə olmayıb. İtaliyalı məşqçi artıq Mahirə əsas heyət üzvü kimi baxmır. O, cinahlarda Özan Can Kökçü ilə Şeydayevi, hücumun mərkəzində isə ya Musa Qurbanlını, ya da Renat Dadaşovu oynadır.

Avstriya son yoxlama oyununda İtaliya üzərində qələbə (2:0) qazansa da, problemləri az deyil. Ralf Ranqnik yeni təyin olunub və hələ De Byazi kimi komandasını yaxından tanımır. Avstriya DÇ-2018-in seçmə mərhələsində qrupda yalnız Farer adaları ilə Moldovanı qabaqlaya bilmişdi. Millətlər Liqasında isə Xorvatiya, Danimarka və Fransa ilə mübarizədə qrupda sonuncu oldu və A divizionunu tərk etdi. Bir sözlə, indi Ranqnikin komandası Avropanın top-yığmaları arasında deyil.

Lakin istənilən halda Avstriya millimizdən üstün görünür. Sadəcə əgər 5 oyunluq inkişafdan danışırıqsa, bunu Linzdəki matçda da görməliyik. Necə deyərlər, bu meydan bu da şeytan.

ELNUR MƏMMƏDLİ 

 

Bənzər xəbərlər