"Çerçesovun "Ferentsvaroş"u gözlənilmədən evdə uduzdu" - "Sports.ru" məğlubiyyəti belə "malalayır"
“Ferentsvaroş” Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a rəqib olduqdan sonra Rusiya mətbuatı da bu oyuna geniş yer ayırırdı. Macarıstan klubunun baş məşqçisi Stanislav Çerçesovun vaxtilə Rusiya yığmasını çalışdırması bu marağın əsas səbəblərindən idi. Həm də Rusiya klubları avrokuboklardan kənarlaşdırıldıqdan sonra onlar üçün başqa “əyləncə” yeri də yoxdur.
Cavab matçından qabaq “Ferentsvaroş” favorit kimi göstərilsə də, Azərbaycan çempionunun parlaq qələbəsi müəyyən qədər rusların da fikrini dəyişdi. “Sports.ru” saytı “Çerçesovun “Ferentsvaroş”u gözlənilmədən evdə 1:3 uduzdu və Avropa Liqasına düşdü” başlığından istifadə edib. Msport.az həmin yazıdan bəzi hissələri təqdim edir:
“Çerçesovun “Ferentsvaroş”u gözlənilmədən evdə “Qarabağ”a 1:3 uduzdu və Çempionlar Liqasında mübarizəni dayandırdı. Hərçənd Azərbaycandakı heç-heçədən (1:1) sonra əvvəlki mərhələlərin senarisinin təkrarlanacağına inanırdılar. Onda da “Ferentsvaroş” ilk oyunları qazana bilməmişdi: “Tobol”la bərabərlik (0:0) və “Slovan”a məğlubiyyət – 1:2. Əvəzində revanş matçlarında iki böyük hesablı qələbə.
Lakin burda fərqli oldu: “Ferentsvaroş” oyunun gedişində 0:3 hesabı ilə uduzurdu və yalnız 86-cı dəqiqədə Çerçesovun oğlanları qollardan birinin əvəzini çıxdı. “Qarabağ”ın heyətində vaxtilə Rusiya və ya Azərbaycan yığmaları arasında seçim edən Ramil Şeydayev məhsuldar ötürmə verdi. “Spartak”ın əfsanəsi Filip Ozobiç isə ehtiyatda idi”.