featured-image-25721

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda menecer kimi fəaliyyət göstərən Ceyhun Sultanovun Msport.az saytına müsahibəsi

Azərbaycan millisi martın 24-də Avstriyanın, 3 gün sonra isə İsveçin qonağı olacaq. Əvvəlcə Canni De Byazinin açıqladığı heyət barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Millinin heyəti normaldır. Sadəcə, 2-3 dəyişiklik etmək, daha gənc uşaqları çağırmaq olardı. Məsələn, “Kəpəz”dən Fərid Nəbiyevlə “Şamaxı”dan Fuad Bayramovu ən azından həvəsləndirmək üçün yığmaya götürərdim. Amma ümumilikdə, olan-qalanımız budur. Bir də Qara Qarayev və Maksim Medvedevə dəvət göndərirdim. Çünki onlar milli komandaya lazımdır.

Yığmaya “Sabah”dan 7 futbolçu dəvət olunub…
– Düşünürəm ki, normal haldır. Çünki bu komanda yaxşı futbol oynayır. Yığmaya dəvət alanlar da əsas heyət üzvləridir. Hətta Amin Seydiyevi də çağırmaq mümkün idi. Belə baxanda, heyət normaldır.

Zədəli Şahruddin Məhəmmədəliyevin əvəzinə düşərgəyə “Sabah”ın gənc qapıçısı Yusif İmanov çağırıldı. Necə düşünürsünüz, qarşıdakı oyunlarda 21 yaşlı qolkiperə güvənmək olar?
– Yusif bu gün çempionatın ən yaxşı qapıçılarından biridir. Amma bir az təcrübəsi çatmır. Belə matçlarda Yusifi oynatmaq həm bizə, həm də onun özünə qorxulu gəlir. Çünki elə səhv edə bilər ki, karyerasına ziyan vurar. Daha əvvəl millidə oyun keçirsəydi, onu qapıya qoymaq olardı. Amma indiki məqamda təhlükəlidir. Seçimi baş məşqçi edəcək.

Sizcə, qapını kim qorumalıdır?
– Ad çəkməyəcəyəm, amma düşünürəm ki, qapıda duran şəxs bir az təcrübəli olmalıdır. Belə matçlarda təcrübəli qolkiper daha yaxşı seçimdir.

Türkiyə “Konyaspor”unda icarə əsasında çıxış edən Mahir Emreli zədəli olduğu üçün yığmanın heyətindən çıxarıldı. Onun yoxluğu millinin oyununa təsir edə bilər?
– Mahirin zədələnməsi yaxşı hal deyil. Çoxdandır onu istədiyimiz formada görmürük. Zədələrə meyllidir, klublarında problem yaşayır. Lakin ona çox böyük inamım var. Deməzdim ki, Mahir oynamasa, millimizdə problem olacaq. Sadəcə, yığmaya o da lazım idi. Əfsuslar olsun ki, zədələndi.

Bəs, seçmə mərhələdəki ilk oyundan nə gözləyirsiniz?
– Avstriya və İsveçlə oyunlar ağır keçəcək. Düşünürəm ki, xal qazanmağa çalışmaq üçün meydanda döyüşməli və ağıllı mübarizə aparmalıyıq. Səviyyə fərqi görünür. Sadəcə, mübarizlik hesabına xal götürə bilərik. Millimizə uğurlar arzulayıram.

CAHİD 

Bənzər xəbərlər